ABŞ və Ukrayna nadir yeraltı sərvətlər üzrə saziş imzalayıb

Tarix: 18:26 01.05.2025
ABŞ və Ukrayna nadir yeraltı sərvətlərə çıxış və Ukraynanın bərpası məqsədilə Vaşinqtonda saziş imzalayıblar. Saziş, Tramp və Zelenski arasında fevral ayında Ağ Evdə yaşanan gərginlikdən sonra münasibətlərin normallaşmasına işarə edir.
ABŞ Maliyyə Naziri Skott Bessent bildirib ki, yeni yaradılacaq ABŞ-Ukrayna Yenidənqurma İnvestisiya Fondu Vaşinqtonun Ukraynada uzunmüddətli sülhə sadiqliyini göstərir. O vurğulayıb ki, Rusiya ilə əməkdaşlıq edən heç bir tərəf bu fondan fayda götürə bilməyəcək.
Ukrayna İqtisadiyyat Nazirliyi qeyd edib ki, ABŞ fonda birbaşa və ya hərbi yardım yolu ilə vəsait ayıracaq, Ukrayna isə yeraltı sərvətlərdən əldə olunan gəlirin 50%-ni bu fonda yönəldəcək. İlk 10 il ərzində fondun bütün vəsaiti yalnız Ukraynaya yatırılacaq. Bundan sonra tərəflər mənfəəti bölüşə biləcəklər. Nazirlik əlavə edib ki, fond üzərində ABŞ və Ukrayna bərabər qərarvermə hüququna malik olacaq və bu saziş yalnız gələcək yardımları əhatə edir.
İqtisadiyyat naziri Yuliya Svırıdenko sazişi Ukrayna üçün strateji tərəfdaşlıq və iqtisadi inkişaf baxımından əhəmiyyətli addım adlandırıb. Baş nazir Denis Şmıxal isə sazişin Ukraynanın təbii sərvətlərinə nəzarətini təmin edəcəyini və Aİ-yə inteqrasiyaya mane olmayacağını bildirib. Ukraynalı iqtisadçı Timofiy Mılovanov bu sazişi hər iki tərəf üçün siyasi və diplomatik qələbə kimi dəyərləndirib, yekun razılaşmanı ədalətli adlandırıb.
Mənbə: Al Jazeera
Qəmər Kazımzadə