Pakistan – Hindistan sərhədində yenidən atışma baş verib

Bölmə: Siyasət › ,
Tarix: 22:31 01.05.2025

 

Pakistan hərbçiləri Hindistanın Cəmmu və Kəşmir ittifaq ərazisinin bir neçə rayonunda nəzarət xəttində yenidən atəş açıblar.

 

Mövzu ilə bağlı politoloq Əli Zülfüqaroğlu “İnformator.az”a açıqlamasında bildirib ki, Pakistan - Hindistan gərginliyi sıradan bir hadisə deyil. Bu iki nüvə dövlətinin qarşı-qarşıya gəlməsi deməkdir:

 

“Təbii ki, hər iki tərəf başa düşür ki, bu hadisə iki dövlət üçün də risklidir. Eyni zamanda üçüncü qüvvələrin də prosesə qoşulması qaçılmaz olacaq və bu da onu deməyə əsas verir ki, Pakistanla Hindistan arasındakı toqquşma 3-cü dünya müharibəsinin başlanma ehtimalını gücləndirəcək. Bu hal da dünya üçün böyük fəlakətdir. Hazır ki, dünya mənzərəsi, dünya iqtisadiyyatı bunu qaldırmaq potensialına sahib deyil. Çünki kifayət qədər dünyada bir çox sahələr üzrə problemlər mövcuddur. Pakistan - Hindistan qarşıdurması bütün dünyaya təsir etdiyi üçün birtərəf dövlətlər prosesin yumuşaldılmasına səy göstərəcəklər”.

 

Ekspert qeyd edib ki, Çinlə Hindistan arasında da problemlər var. Eyni zamanda Pakistanla - Hindistan arasında da problemlər mövcuddur:

 

“Bu da təbii ki, tərəflərin əhatə dairəsinin genişlənməsinə şərait yaradır. Pakistanla Hindistan toqquşması dünyada problemi artırır. Hər iki dövlət nüvə dövlətidir və bu da çəkindirici amil daşıyır. Buna görə də düşünürəm ki, geniş miqyaslı müharibənin başlaması ehtimalı azdır. Pakistanla Hindistan bunu çox yaxşı başa düşürlər”.

 

Asiman Vəliyeva