Macarıstan və Azərbaycan arasında əməkdaşlıq sazişi

Bölmə: Siyasət › ,
Tarix: 21:32 05.05.2025

 

"Macarıstan və Azərbaycan arasında gələcək əməkdaşlıq nəqliyyat infrastrukturunu əhatə edə bilər". Bunu açıqlamasında Macarıstanın Azərbaycandakı səfiri Tamaş Torma bildirib. “Gələcək əməkdaşlıq dəmir yolu və yol layihələri də daxil olmaqla, nəqliyyat infrastrukturuna qədər genişlənə bilər. Macarıstan azad edilmiş ərazilərin yenidən qurulmasında iştirak edir. Macarıstan şirkəti Cəbrayılda Soltanlı qəsəbəsini yenidən qurur. Biz bu sahədə səmərəli əməkdaşlıq üçün daha çox imkanlar görürük",– T. Torma əlavə edib.

 

Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında politoloq Elçin Xalidbəyli bildirib ki, Macarıstan və Azərbaycan dost ölkələrdir. İki ölkə arasında strateji tərəfdaşlıq münasibətləri var. Bu münasibətlər daha da inkişaf edir. Macarıstan Türk Dövlətləri Təşkilatının müşahidəçi üzvüdür. Eyni zamanda Macarıstan və Azərbaycan arasında münasibətlər ən yüksək səviyyədədir:

 

"Avropa Birliyinin Avropa Sülh Fondundan Ermənistana hərbi məqsədlər üçün vəsaitin ayrılmasının qarşısını məhz Macarıstan almışdır. Bu da Macarıstanın Azərbaycanla dostluğunun ən bariz nümunəsidir. Macarıstan digər Avropa ölkələri kimi Asiya ölkələri ilə iqtisadi və ticarət münasibətlərində maraqlıdır. Macarıstan Azərbaycanın nəqliyyat-kommunikasiya sisteminə böyük maraq göstərir. Gələcəkdə Macarıstanın Asiya ölkələri ilə ticarətində Azərbaycanın tranzit ölkə kimi köməyi çox yüksək olacaqdır".

 

Politoloqun sözlərinə görə, Macarıstan Azərbaycanın enerji resurslarının əsas alıcıları sırasındadır. Digər sahələr üzrə də iki ölkə arasında münasibətlərin inkişaf etdiyi müşahidə edilir.

 

Aygün Babayeva