İsa Muğanna – Ruhun qələmi ilə yazan sənətkar
.jpg)
Tarix: 15:15 12.06.2025
Bu gün Azərbaycan ədəbiyyatına böyük töhfələr vermiş İsa Hüseynovun, yəni ədəbiyyatımızın Muğannasının 97-ci ildönümünü qeyd edirik. O, yalnız yazıçı deyil, həm də düşüncə adamı, milli mənəviyyatın sözlə ifadə olunan siması kimi yaddaşlara hopub.
İsa Muğanna yaradıcılığa gənc yaşlarında başlayıb. İlk yazıları mətbuatda dərc olunmağa başladıqdan sonra ədəbi mühitdə tanınıb. 1950-ci illərdən etibarən kitabları nəşr olunub, oxucu auditoriyası durmadan genişlənib. Ədəbi fəaliyyətə ilk dəfə “Arx” hekayəsi ilə başlayıb. Ardınca “Anadil ötən yerdə” hekayəsi çap olunub və bu əsər yazıçını daha geniş oxucu kütləsinə tanıdıb. Bu hekayə onun ədəbiyyata rəsmi gəlişi kimi qəbul olunub.
Yazıb-yaratdığı dövr heç də asan olmayıb. Bəzən sərt tənqidlərə tuş gəlsə də, qələminə sadiq qalıb, fikrindən dönməyib. Sənətə olan inamı, daxili əqidəsi onu daim irəli aparıb. Tənqidlərə cavab olaraq əsərləri ilə sözünü deyib və sübut edib ki, ədəbiyyat təkcə uyğunlaşmaq deyil, həm də dirənişdir.
İsa Muğanna yalnız yazıçı deyil, həm də kinossenarist kimi dəyərli işlər ortaya qoyub.
“Tütək səsi”, “Nəsimi”, “Nizami” kimi filmlərin ssenarilərini yazıb və bu filmlər bu gün də sevilərək izlənir. Xüsusilə, “Tütək səsi” filmi müəllifin eyni adlı povesti ilə “Saz” əsəri əsasında ekranlaşdırılıb və həm ədəbi, həm də bədii dəyəri ilə seçilib.
Bu əsərlərdə döyüş səhnələri yoxdur, lakin müharibənin insan taleyinə vurduğu dərin izlər ustalıqla təsvir edilib. İsa Hüseynov müharibəni “insanlıq tarixinin üz qarası” adlandıran yazarlardandır. O, “Tütək səsi”ndə kənd həyatını, insanların bir-birinə bağlılığını o qədər təbii və səmimi şəkildə təqdim edib ki, bir adamın dərdi bütün kəndin dərdinə çevrilir. Qadın həyat yoldaşının ölüm xəbərini bildirən qara kağız alır, amma nə fəryad qoparır, nə də özünə qapanır – çünki bu kənddə dərdlər bölüşülür. Müharibə, aclıq və itkilərə baxmayaraq, insanlar gələcəyə inamla baxırlar. Onları birləşdirən ümumi məqsəd, ideologiya var. Təəssüf ki, bu gün həmin ideya boşluğu cəmiyyətin ruhuna təsir edir və insanlar bir uğursuzluqda belə ümidsizliyə qapılırlar.
Yazıçının ən mühüm əsərlərindən biri də “Məhşər” romanıdır. Bu əsəri o, tarixi kontekstdə qələmə alaraq Azərbaycan ədəbiyyatında tarixi roman janrının inkişafına mühüm töhfə verib. Eyni dövrdə yazılan “Nəsimi” filminin ssenarisinin hazırlanması da təsadüfi olmayıb – bu məsuliyyətli işi şəxsən Heydər Əliyev ona həvalə edib. Bu, yazıçının yaradıcılığında yeni bir mərhələ açıb. “Məhşər” həm də Nəsimi şəxsiyyətinə verilən ən dəyərli ədəbi cavablardan biri kimi qəbul olunur.
İsa Muğannanın zəngin irsi ədəbi mühitdə daim diqqət mərkəzində olub. O, 1976-cı ildə “Əməkdar incəsənət xadimi” fəxri adına layiq görülüb. Onun yaradıcılığı yalnız ədəbiyyatşünasların deyil, həm də böyük şairlərin diqqət mərkəzində olub. Xəlil Rza Ulutürk onun “İdeal” romanını oxuduqdan sonra “Sən mənə bir silah verdin” poemasını yazıb. Zəlimxan Yaqub isə “Ün” poemasını bütövlükdə Muğanna yaradıcılığına həsr edib.
İsa Muğanna ömrünü sözə, ədəbiyyata, milli düşüncəyə həsr edib. Yazdıqları bu gün də yaşayır, oxunur, düşündürür. O, Azərbaycan ədəbiyyatında silinməz iz qoyub və bu iz zamanla daha da dərinləşir.
Nigar Həsənzadə