9 illikdən kolleclərə plan yerləri -Ekspert Açıqlayır

Tarix: 18:48 16.06.2025
9 illikdən kolleclərə plan yerləri bu il üçün aktual mövzulardandır.
Zaman keçdikcə baş verən dəyişikliklər daha çox diqqət çəkməyə başlayıb. Təhlillər göstərir ki, məsələyə yanaşmalar ildən-ilə yenilənir.
Mövzu ilə bağlı təhsil eksperti Vüsət Əzizov “İnformator.az”a açıqlamasında bildirib ki, dövlət hər il tələbələrin qəbulu ilə bağlı plan yerlərinin sayında dəyişiklik edir:
“Hər kəs üçün təhsil və standartların təmin olunması vacib şərtlərdən biridir. Dövlət İmtahan Mərkəzinin (DİM) İdarə Heyətinin sədri Məleykə Abbaszadə deyib ki, ümumi orta (9 illik) təhsil bazasında plan yerləri 25,49 faiz azalıb, əvəzində isə tam orta (11 illik) təhsil bazasında qəbul planı 28,15 faiz artaraq 15 874 yerə çatıb. 2024-cü ildə ümumi orta (9 illik) təhsil bazasında plan yeri 12 315 nəfər olub. Cari il üçün isə Nazirlər Kabineti və aidiyyəti qurumlar plan yerini hələ təsdiq etmədiyi üçün dəqiq statistik göstərici demək mümkün deyil. Ancaq plan yerləri hazırlanarkən mövcud vəziyyət nəzərə alınıb".
Həmçinin ekspert qeyd edib ki, təxminən iyul ayında “Abituriyent” jurnalının 3-cü nömrəsini DİM nəşr edəcək:
“Bu jurnalda 2025/2026-cı tədris ili üçün Azərbaycan Respublikasının ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçimi elanı, qəbul aparılan ixtisaslar, onların plan yerləri, elektron ərizə verən abituriyent üçün təlimat, “Abituriyentin elektron ixtisas seçimi ərizəsinin nümunəsi” və digər zəruri materiallar Azərbaycan və rus dillərində təqdim olunacaq.
Hazırda bölmələr üzrə və ümumi statistika aşağıdakı kimidir:
Azərbaycan bölməsi – 30 709
Rus bölməsi – 1 325
Cəmi – 32 034
İxtisas seçimi zamanı adətən cari ildə 9-cu sinfi bitirən şagirdlər üçün kolleclərə ixtisas seçimi aktivləşdirilir. Yəni bu statistikanın yenidən artacağı gözlənilir. Təbii ki, ixtisas seçimində iştirak edənlərin sayının çoxalması və eyni zamanda plan yerinin azalması keçid balının qalxmasına təsir edə bilər.
Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə ixtisas seçimi təxminən iyulun sonu və avqustun əvvəllərində onlayn şəkildə aparılacaq. Rəsmi şəkildə DİM məlumat verəcək".
Nigar Həsənzadə