Məktəblərdə Çin dilinin tədrisi gözlənilir-Ekspertdən Açıqlama

Bölmə: Sosial › ,
Tarix: 21:09 24.06.2025

Məktəblərdə Çin dilini tədris etmək istəyirik.

 

Bunu elm və təhsil naziri Emin Əmrullayev bu gün keçirilən VIII ADA Beynəlxalq Təhsil Konfransında çıxış edərkən deyib.

 

O bildirib ki, müəllimə işlədiyi saata görə əməkhaqqı verilməsi sistemini məktəblərdə tətbiq etmək mümkün olsa, bu, həyata keçiriləcək.

 

Bu barədə təhsil eksperti Elçin Əfəndi “İnformator.az”a açıqlamasında bildirib ki, Çin dilinin tədrisi əlbəttə ki, Azərbaycan–Çin əlaqələrinin istər iqtisadi, istər siyasi, istərsə də digər sahələrdə inkişaf etməsi ilə əlaqəlidir:

 

"Nəticə etibarilə təhsil sahəsində də Azərbaycan–Çin əlaqələrinin inkişafı, tələbə mübadiləsi və digər təhsil proqramlarının tətbiqi onu deməyə əsas verir ki, Azərbaycanda Çin dili mütəxəssislərinə ehtiyac yaranır.

Ona görə də təhsil müəssisələrində təkcə rus, ingilis, alman, fransız və ərəb dilləri deyil, eyni zamanda Çin dili də tədris olunmalıdır. Hazırda yalnız ali təhsil müəssisələrində Çin dili üzrə kadr hazırlığı həyata keçirilir: ya filologiya, ya tərcümə (Çin dili), ya da regionşünaslıq (Çin üzrə) istiqamətində. Qalan digər sahələrdə Çin dili üzrə tədris yoxdur. Bu səbəbdən çətinliklərlə qarşılaşırıq.

 

Biz artıq bəzi təhsil müəssisələrində Çin dilində mütəxəssis hazırlanması istiqamətində fəaliyyətə başlamışıq. Çin dilinin tədrisi gələcəkdə kadr hazırlığında universitetlər üçün əlavə üstünlük yaradacaq və bu prosesdə çətinliklər azalacaq.

 

Əlbəttə ki, bu qərarın digər dillərin tədrisinə mənfi təsir göstərəcəyini düşünmürəm. Dediyim kimi, yeni iqtisadi, siyasi və sosial əlaqələrlə paralel olaraq təhsil sahəsində də əməkdaşlıqlar genişlənir.

 

Bu dilin tədrisinə təsir edən amillər arasında Çindən olan əməkdaşlığın dərinləşməsi və daha sıx əlaqələrin qurulması xüsusi əhəmiyyət daşıyır. Düşünürəm ki, bu amillərdən biri də məhz budur: qərarın müsbət tərəfləri çox olacaq. Bu qərarla bağlı hər hansı bir mənfi nəticə gözləmirəm".

 

Nigar Həsənzadə