“Hakimiyyət dəyişikliyi olarsa, regionda vəziyyət dəyişə bilər” -ŞƏRH

Tarix: 21:11 24.06.2025
İsrail tərəfi İranla atəşkəsin əldə olunduğunu təsdiqləyib.
Bu barədə məlumatı İsrailin Baş naziri Benyamin Netanyahunun Ofisi yayıb.
Bildirilib ki, İsrail İranla bağlı hərbi əməliyyatın bütün məqsədlərinə nail olub və ikitərəfli atəşkəsə razılaşıb.
“İsrail atəşkəs rejiminin istənilən pozuntusuna qətiyyətlə cavab verəcək. İsrail müdafiədə göstərdiyi dəstəyə və İranın nüvə təhdidinin aradan qaldırılmasında iştiraka görə Prezident Trampa və ABŞ-yə minnətdarlığını bildirir”, - deyə məlumatda qeyd olunub.
Mövzu ilə bağlı siyasi şərhçi Araz Xan “İnformator.az”a açıqlamasında bildirib ki, müharibə Azərbaycanın sərhədlərində getdiyi üçün ən böyük problemlə üzləşəcək tərəf Azərbaycan ola bilər:
“Bu müharibə atəşkəslə nəticələnib. Əslində nəzər yetirmək lazımdır: tərəflər nə qazanıb və nə itiriblər?
Əvvəla İran burada ən çox itirən tərəf olub. Çünki müharibənin ilk günündə generallarını və nüvə sahəsində olan alimlərini itirib.Bu İran üçün çox böyük itki olub. Amma İran sonradan vəziyyəti bərabərləşdirə bilib. İran raket zərbələri endirməklə İsrailin çox güvəndiyi “Dəmir Qübbəsini”, ABŞ-nin hava hücumlarından müdafiə sistemini sıradan çıxarıb. ABŞ-nin bazalarını, gəmilərdən qalxan qırıcılar da bu raketlərin qarşını alıb. Amma hər halda İran müəyyən zərbələr endirməklə ABŞ-nin və İsrailin birgə hava hücumundan müdafiə sistemini yara bilib. Müharibədə balansı yarada bilib. Artıq İsrail olan şəhərlərin dağılmağı, strateji obyektlərin vurulması bir işarədir ki, İran daha böyük dağıntılar törədə bilər. Bundan sonra artıq danışıqlar qapısı açılmağa başlayıb. Çünki İsrail müharibənin əvvəlində çox sərt başlayıb. Maksimum hədəf olaraq İranda nüvə proqramını, bütün raket sistemlərini məhv edəcəklərini və İranda rejim dəyişikliyi edəcəyik. Bu hədəflərdən İsrail yalnız İranın nüvə proqramına zərbə endirə bilib. Hava hücumundan müdafiə sistemlərini sıradan çıxarıb. İsrail qarşına qoyduğu üç hədəfdən birinə nail olub. İranın nüvə proqramı uzun müddət özünə gələ bilməyəcək. Yəqin ki, danışıqlar davam edəcək. İranın nüvə proqramından imtina etməsi üçün təzyiqlər olacaq. İrana ola bilsin ki, “Mülki məqsədlər üçün” istifadəyə icazə verilə bilər. Bu İsrailin qazancı İranın isə itirdiyi hesab olunur. Burada ABŞ və İsrail minimum hədəflərinə nail olublar”.
Ekspert qeyd edib ki, İran müharibədə rəqiblərinin üç hədəfinin ikisinə nail olmağa imkan verməyib:
"İndi İranın raket sistemləri də mövcuddur. İran daxilində siyasi və hərbi elita öz hakimiyyətini qoruya bilib. Dəyişikliklər olsa, bu çətin ola bilər. Çünki 1979-cu ildən hakimiyyətdə olan hakim təbəqə bütün dövlət strukturlarına nəzarət edir. Bu İranın uğurudur. Öz hakimiyyətini və dövlətini qoruya bilib. İranın işğal olunmasına imkan verilməyib. Müharibəyə kənardan baxdıqda daha çox istəyinə nail olan tərəf İsrail və ABŞ olub. Onlar özlərini İranın onlara qarşı nüvə hücumlarında sığortalayıblar. ABŞ-nin bu prosesdə həlledici rol oynayıb. Əgər bu prosesə qoşulmasa, daha çox İran raketi İsrail vura bilər və İsrailin kəşfiyyat imkanları bu qədər çox ola bilməz. ABŞ həm kəşfiyyatı, həm də silahları ilə kömək olub. “B2” silahı ilə İranın nüvə obyektlərinə zərbələr endiriblər. Bununla da ABŞ vəziyyəti normallaşdırıb. ABŞ olmasa, müharibədə uğur gözləmək olmaz. ABŞ-nin dəstəyi olmadan İsrail müharibəyə başlaya bilməz. Başlasa belə İsrail daha çox zərərlə çıxa bilər. Çünki gözləmədiyi halda hava hücumundan müdafiə sistemləri qoruya bilməyib.
Azərbaycan və region üçün müharibənin tez başa çatması sevindiricidir. Çünki böyük ölkələrin müharibəsi idi. Gələcəkdə hansı silahlarla istifadə olunması proqnozlaşdıra bilinməz. İranda ABŞ və İsrail maksimum hədəflərinə çatsa, hakimiyyət dəyişikliyi bu regionda bizim üçün problemlər yarada bilər”.
Nuray Əliyeva