1 ayda 42 dərman zəhərlənməsi - təhlükəli artımın səbəbi nədir?
Son bir ay ərzində qeydə alınan 42 dərman zəhərlənməsi faktı cəmiyyətdə ciddi narahatlıq doğurur. Mütəxəssislər bu halların artmasını həm nəzarətsiz dərman istifadəsi, həm də maarifləndirmənin zəifliyi ilə əlaqələndirirlər. Bəs bu təhlükəli tendensiyanın arxasında hansı səbəblər dayanır?
Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında toksikoloq Aynur Məmmədova bildirib ki, uşaqlarda dərman zəhərlənməsi əsasən nəzarətsizlik və özünümüalicə səbəbindən yaranır:
“Çox təəssüf ki, son dövrlərdə dərman zəhərlənmələrinin uşaqlar arasında artdığı müşahidə olunur. Bunun əsas səbəblərindən biri uşaqların nəzarətsiz qalmasıdır. Böyüklər uşaqların yanında dərman qəbul edir və uşaq bunu adi bir şey kimi qəbul edir. Halbuki uşaq fərqinə varmır ki, bu maddələr onun üçün təhlükəlidir. Praktikada tez-tez belə hallarla rastlaşırıq. Uşağa soruşuruq ki, niyə dərman içmisən, o isə cavab verir ki, “nənəmin konfetiydi, mən də ondan istədim”. Bu, uşaqların dərmanı konfet kimi qəbul etdiyini göstərir. Buna görə də, uşaqların yanında dərman qəbul etmək, dərmanları açıq şəkildə saxlamaq və onların görə biləcəyi yerlərdə qoymaq qətiyyən düzgün deyil. Uşaqlar maraq dövründə olurlar. Gördüklərini götürür, sınayır və təkrar etməyə çalışırlar”.
Ekspert vurğulayıb ki, dərman zəhərlənmələrinin digər əsas səbəblərindən biri isə özünümüalicədir:
“İnsanlar çox vaxt həkimə müraciət etmədən, başqalarının məsləhəti ilə dərman qəbul edirlər. Məsələn, “qonşum bu dərmanı içdi, sən də iç, yaxşı olarsan” kimi yanaşmalar geniş yayılıb. Bu, xüsusilə, antibiotiklərə, ürək və təzyiq dərmanlarına aiddir. Halbuki hər bir xəstəliyin səbəbi fərqli olur və dərmanlar fərdi şəkildə təyin edilməlidir. Məsələn, ürək ağrısı müxtəlif səbəblərdən yarana bilər və hər birinə uyğun fərqli müalicə tələb olunur. Eyni qayda baş ağrısı, öskürək və digər simptomlara da aiddir: bunların mənşəyi araşdırılmadan dərman qəbul etmək ciddi risk yaradır. Təəssüf ki, bir çox hallarda insanlar həkimə getmək əvəzinə apteklərə müraciət edir və ya tanışların məsləhəti ilə dərman seçirlər. Bu isə düzgün diaqnoz qoyulmadan müalicəyə başlamaq deməkdir və nəticədə dərman zəhərlənmələrinə gətirib çıxara bilir”.
Son olaraq ekspert qeyd edib ki, apteklərdə nəzarətsizlik və səhv dərman verilməsi zəhərlənmə riskini artırır:
“Apteklərdə dərmanların reseptsiz satılması halları hələ də müşahidə olunur. Bəzi hallarda əczaçı olmadıqda və ya kifayət qədər peşəkar yanaşma olmadıqda dərmanlar düzgün oxunmur və ya səhv təqdim edilir. Bu baxımdan elektron resept sisteminə keçid olduqca müsbət addımdır. Çünki bu sistemdə yalnız dərmanın adı deyil, eyni zamanda onun tərkib hissəsi də qeyd olunur. Nəticədə konkret dərman mövcud olmadıqda, eyni tərkibli alternativ preparat başqa firma adı ilə təqdim edilə bilər. Digər tərəfdən, həkimlərin yazısının oxunmaması və ya aptek əməkdaşlarının kifayət qədər məlumatlı olmaması da səhvlərə səbəb olur. Bu da bəzi hallarda xəstələrə düzgün dərmanın verilməməsi ilə nəticələnir. Təəssüf doğuran məqamlardan biri də bəzi apteklərdə tibbi prosedurların həyata keçirilməsidir. Məsələn, xəstənin istəyi ilə aptekdə iynə vurulması və ya antibiotik tətbiqi halları olur. Bu isə ciddi risklər yaradır və bəzi hallarda anafilaktik şok kimi ağır allergik reaksiyalara səbəb olur. Bu cür hallar praktikada kifayət qədər tez-tez rast gəlinir. Dərman zəhərlənməsi isə bütün yaş qruplarında müşahidə olunur. Uşaqlarda nisbətən az olsa da, ümumilikdə həm uşaqlar, həm də böyüklər bu risklə üzləşirlər. Buna görə dərmanların düzgün saxlanılması və istifadəsi son dərəcə vacibdir. Preparatlar üzərində göstərilən saxlanma şərtlərinə (məsələn, günəş şüasından uzaq, uyğun temperaturda saxlanma) mütləq əməl olunmalıdır. Eyni zamanda dərmanlar həkimin göstərişinə və ya təlimatına uyğun qəbul edilməlidir: yeməkdən əvvəl və ya sonra, təyin olunmuş dozada. Özünümüalicə halları isə ciddi problemlərə yol aça bilər. Məsələn, bəzi insanlar daha tez sağalmaq məqsədilə təyin olunandan artıq doza qəbul edir ki, bu da təhlükəli nəticələrə səbəb ola bilər. Ümumilikdə, dərman istifadəsində məsuliyyətli yanaşma, həkim tövsiyələrinə riayət və aptek xidmətlərinin düzgün təşkili bu cür risklərin qarşısını almaqda əsas rol oynayır”.
Arzu Poladova