Elektron qaimələr şəffaflığı artıracaq
Azərbaycanda elektron əmtəə-nəqliyyat qaimələrinin digər sistemlərə inteqrasiyası istiqamətində iş aparılır.
Mövzu ilə bağlı “İnformator.az”-a açıqlamasında iqtisadçı Günay Hüseynova bildirib ki, elektron qaimələr şəffaflığı artırır və saxtakarlığı azaldır:
“Məlumdur ki, qeyri-neft sektorunun inkişafı dövlətimiz üçün prioritet istiqamətlərdən biridir. Bununla yanaşı, azad sahibkarlığın və liberal iqtisadiyyatın genişlənməsi də xüsusi əhəmiyyət daşıyır. Bu sahədə sistemli şəkildə mühüm addımlar atılır. Həmin addımlardan biri də müxtəlif tətbiqlərin yaradılması, süni zəka vasitəsilə proseslərin izlənməsi və insan faktorunun minimuma endirilməsidir. Bu istiqamətdə həyata keçirilən əsas yeniliklərdən biri də əmtəə-nəqliyyat qaimələrinin elektron sistemə keçirilməsidir. Elektron əmtəə-nəqliyyat qaimələrinin digər dövlət və özəl sistemlərlə inteqrasiyası iqtisadi şəffaflığa ciddi müsbət təsir göstərir. Ümumilikdə, bu keçidin şəffaflığı 90-95% səviyyəsində artıracağı gözlənilir. Təəssüf ki, bu sahədə saxtalaşdırma, vergidən yayınma və qaçaqmalçılıq halları mövcuddur. Yeni sistemin tətbiqi ilə dövlət və özəl qurumlar inteqrasiyalı şəkildə fəaliyyət göstərəcək və şübhəli əməliyyatlar avtomatik olaraq aşkar ediləcək. Bu isə iqtisadiyyatın daha şəffaf və nəzarətli olmasına imkan yaradacaq. Eyni zamanda, bu inteqrasiya kiçik və orta sahibkarlar üçün həm üstünlüklər, həm də müəyyən çətinliklər yarada bilər. Saxtakarlıq etmək istəyənlər üçün bu sistem ciddi maneə olacaq, dürüst fəaliyyət göstərən sahibkarlar üçün isə proseslər xeyli sadələşəcək. Artıq kağız sənədlərə ehtiyac qalmayacaq, bütün əməliyyatlar elektron mühitdə və vahid sistem üzərindən idarə olunacaq”.
Həmçinin ekspert bildirib ki, rəqəmsal qaimə sistemi vergi nəzarətinin effektivliyini də əhəmiyyətli dərəcədə artırır:
“Bu, o demək deyil ki, vergi yoxlamaları tamamilə aradan qalxacaq. Müəyyən hallarda yenə də yerində baxışlar keçiriləcək. Lakin əvvəlki dövrlə müqayisədə bu proses daha operativ olacaq. Əvvəllər vergi müfəttişləri fiziki olaraq əraziyə gedərək yoxlama aparırdılar və bu da vaxt itkisinə səbəb olurdu. Yeni sistem sayəsində isə hər hansı şübhəli əməliyyat dərhal elektron şəkildə aşkarlanacaq və vergi əməkdaşları masa arxasından bu məlumatları izləyə biləcəklər. Zərurət yarandıqda isə əlavə yoxlamalar həyata keçiriləcək. Digər ölkələrin təcrübəsi ilə müqayisədə Azərbaycanda bu proses müəyyən müddətdir tətbiq olunsa da, hələ sistemli inkişaf baxımından ilkin mərhələdədir. Tam effektiv nəticə əldə etmək üçün digər sahələrdə də rəqəmsallaşma və inteqrasiya gücləndirilməlidir. Əks halda, sistemin bəzi hissələrində yaranan boşluqlar ümumi effektivliyə mənfi təsir göstərə bilər. Sahibkarlar da bu prosesdə məsuliyyətli olmalı, məlumatları sistemə düzgün və şəffaf şəkildə daxil etməlidirlər. Bütün əməliyyatların dəqiq zaman üzrə izlənməsi isə gələcəkdə daha effektiv və şəffaf iqtisadi mühitin formalaşmasına xidmət edəcək”.
Arzu Poladova