00:00:00
Yazar
Admin User
07.09.2023 17:25 332 2 dəq oxuma
Dünya

11 ölkədə “Pirola” aşkarlanıb

11 ölkədə “Pirola” aşkarlanıb

  Ümumdünya Səhiyyə Təşkilatı qarşıdan gələn qış mövsümündə koronavirusa yoluxma hallarının qlobal artımından narahatdır. Hazırda Yaxın Şərq və Asiyanın bəzi bölgələrində ölüm hallarının baş verməsi, Avropada isə reanimasiyaya müraciətlərin sayının artması ilə bəzi tədbirlərə start verilib. Həmçinin virusdan qorunma üsullarına əməl edilməsi ilə bağlı çağırışlar da artıb. Bəs, yeni yayılan ştamlar nə dərəcədə təhlükəlidir? Qorunmaq üçün nə etmək lazımdır?

  Ümumdünya Səhiyyə Təşkilatı dünyada koronavirusa yoluxma hallarının artdığını bildirib. Ölkələr yoluxma hallarının sayı barədə tam hesabat vermədikləri üçün infeksiya səviyyələri ilə bağlı məhdud məlumat var. Yalnız 43 ölkə təşkilata ölümlər, 20 ölkə isə xəstəxanaya yerləşdirilmələr barədə məlumat verib. Buna baxmayaraq, mövcud informasiya fonunda belə, Covid-19-a yoluxmalarda nəzərəçarpacaq artım olduğu bildirilir. Ümumdünya Səhiyyə Təşkilatının rəhbəri Tedros Adhnom bildirib ki, qış mövsümü yaxınlaşdıqca, xüsusilə şimal yarımkürəsində Covid-19-un həyəcanverici tendensiyaları görünür. “Yaxın Şərq və Asiyanın bəzi bölgələrində ölüm halları, Avropada reanimasiya şöbələrinə qəbullar və bəzi bölgələrdə xəstəxanaya yerləşdirilmələr artır. Müəyyən edilmiş variantlar yoluxuculuq qabiliyyətləri və potensial təsirlərinin qiymətləndirilməsi üçün yaxından izlənilir. Koronavirus infeksiyasına görə, xəstəxanaya müraciətlərin və ölüm hallarının artması bu epidemiyanın davamlı olduğunu göstərir, bu isə onunla mübarizə üçün daimi vasitələrə ehtiyac məsələsini ortaya qoyur”.

  Məlumata görə, hazırda dünyada dominant virus variantı olmasa da, Omikronun alt variantı EG.5 artır. Yüksək mutasiyaya uğramış “Pirola” ləqəbli alt variant isə 11 ölkədə aşkarlanıb. Müəyyən edilmiş variantların yoluxuculuq və potensial təsirlərinin qiymətləndirməsi istiqamətində işlər aparılır. İlkin məlumatlar vaksinlərin sözügedən variantlara qarşı qoruyucu olduğunu göstərir. Ümumdünya Səhiyyə Təşkilatının eksperti Maria Van Kerkhove bildirib ki, Covid-19 Soyuq ayların gəlməsindən daha çox faydalanacaq. “Covid-19 milyonlarla insanı təkrar-təkrar yoluxdurur. Təxmin edirik ki, hazırda xəstəxanaya yerləşdirilən yüz minlərlə insan var və bunun qarşısını peyvənd kimi həyat qurtaran vasitələrlə almaq olar. Həqiqətən də, risk qrupuna daxil insanların peyvəndləməsi daha vacibdir. Maska kimi bütün mövcud vasitələrdən istifadəni davam etdirmək də çox vacibdir. Bizi həm koronavirus, həm də qrip və respirator viruslar narahat edir. Koronavirusa qarşı etdiklərimiz bu viruslar üçün də keçərlidir”.

  Yeni variantların monitorinqi vacibdir. Lakin kütləvi peyvəndlənmə və əvvəlki infeksiyalar səbəbindən yaranmış immun sisteminə görə, hazırki altdəyişkənlərin ciddi təsirlərinin az olacağı gözlənilir. Qeyd edək ki, koronavirusun yeni ştamları Azərbaycanda aşkarlanmayıb.

AYSEL

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər