00:00:00
Yazar
Admin User
08.08.2023 17:56 403 4 dəq oxuma
Dünya

2023-cü ilin ən böyük böhranı - MİQRANTLAR

2023-cü ilin ən böyük böhranı - MİQRANTLAR

Avropa miqrasiya böhranı ilə mübarizə aparır. "Qoca qitə"də son on ildə qaçqınların sayı iki dəfədən çox artıb.

 

İnformator.az xəbər verir ki, hazırda başda Almaniya olmaqla, İtaliya, Fransa və Böyük Britaniya miqrasiya proseslərini tənzimləmək, sığınacaq və ya deportasiya məsələlərini həll etmək məqsədilə müxtəlif tədbirlər həyata keçirirlər. Böyük Britaniya hökuməti qanunsuz miqrantları işə götürən şirkətlərə qarşı cərimələri üç dəfə artırmağa qərar verib. Aralıq dənizində qeyri-qanuni miqrantların dramı davam edir. İtaliyanın Lampeduza adası sahillərində miqrant qayığının batması nəticəsində 2 nəfər həyatını itirib, 31 nəfər isə itkin düşüb. Ölkənin Daxili İşlər Nazirliyinin məlumatına görə, keçən ilin eyni dövründə İtaliyaya 43 min immiqrant gəldiyi halda, bu il onların sayı təxminən 92 min olub.


İtaliyanın dəniz sularında miqrantların həyatını itirdiyi zamanda qitənin Şimal-qərbində yerləşən Böyük Britaniyada hökümət qanunsuz miqrantları işə götürən şirkətlərə qarşı cərimələri üç dəfə artırmağa qərar verib. Bu barədə ölkənin daxili işlər nazirinin müavini Robert Cenrikin məlumat verib. Nazir müavininin sözlərinə görə, qanunsuz miqrantlara mənzil kirayə verən ev sahibləri üçün cərimələrin məbləği də 10 dəfə artırılacaq:

 

"Cərimə qeyri-qanuni işə götürülən hər bir işçi üçün 20 min funt sterlinqdən 60 min funt-sterlinqə yüksələcək", - deyə o qeyd edib. Britaniya hökumətinin yeni siyasəti qeyri-qanuni mühacirlərin işə götürülməsinin qarşısını almağı nəzərdə tutur. Cərimələrin artırılması restoran və mehmanxana biznesinə, tikinti sənayesinə, sosial xidmətlərə təsir göstərə bilər. Bundan əvvəl Böyük Britaniyanın baş naziri Rişi Sunak qeyri-qanuni miqrant probleminin həllini kabinetinin 5 əsas məqsədindən biri adlandırmışdı. Hakim Mühafizəkarlar Partiyasının qanunsuz miqrasiya ilə mübarizə aparacağına dair vədlərinə baxmayaraq, La-Manş kanalı vasitəsilə İngiltərə sahillərinə çatan qeyri-qanuni miqrantların sayı son dörd il ərzində durmadan artır. 2018-ci ildə 299, 2019-cu ildə 1,8 min, 2020-ci ildə artıq 8,4 min, 2021-ci ildə isə 28,5 min nəfər belə hal qeydə alınıb. Ötən il bu rəqəm 60% artaraq 45,7 minə çatıb.


Miqrant İbrahim Banqua onlar üçün heç bir həll olmadığını deyir: “Artıq bir aydır ki, buradayıq. Bizi səhraya sürgün etdilər. İndi heç bir həll yolu olmadan buradayıq. İnsanlar əziyyət çəkir, yemək, su yoxdur. Hamilə qadınlar buradadır. Bəzi insanlar xəstədir. Biz həll yolunu xahiş edirik. Həll yoxdur. Hər gün bizim yanımıza silahla gəlirlər. Biz döyüşmürük. Biz sadəcə miqrantlarıq”.


Miqrant Mübarək Məhəmməd isə ilanlarla bir yerdə yatdıqlarından şikayətlənir: “Görün insanlar harda yatıblar. Burada o qədər ilan var ki. Ancaq hamı burada yatmağa məcburdur. İndiyə qədər bizim üçün heç bir həll yolu yoxdur. Hökumətə yalvarırıq. BMT-yə yalvarırıq ki, bizə kömək etsin”.


Avropa iqtisadiyyatının lokomativi Almaniya isə 2016-cı ildən bəri ən böyük qaçqın böhranı ilə üzləşib. Almaniya Miqrasiya və Qaçqınlarla iş üzrə Federal İdarəsindən bildirilib ki, bu ilin ilk ayında sığınacaq üçün 162 271 nəfər müraciət edib. Onlardan 150 166 nəfəri ilk dəfə sığınacaq üçün müraciət edənlərdir. Bu rəqəm keçən ilin eyni rübü ilə müqayisədə 77.5% çoxdur. Qaçqın axını öz növbəsində kirayə ev bazarına da təsir göstərib. Şəhər bələdiyyələri hökumətə təklif ediblər ki, idman zalları və asudə vaxt mərkəzləri qaçqın yataqxanasına çevrilsin. Qaçqınların inteqrasiyası ilə məşğul olan kurslar isə, qəbulları dayandırıblar. Azad Demokrat Partiyasının Bundestaqdakı təmsilçiləri isə təklif ediblər ki, Almaniyaya qaçqın kimi gələn və uzun müddətdir işləmədən ölkədə yaşayanlar məcburi işlərə cəlb olunsunlar. Onlar bu yolla Almaniyanın məruz qaldığı qaçqın böhranından xilasının mümkün olduğunu düşünürlər.
Oxsford Universitetinin Miqrasiya ilə bağlı araşdırmalar mərkəzi bildirib ki, 2023-cü ilin ən böyük böhranı Rus-Ukrayna müharibəsindən daha çox miqrant problemidir. Avropada son on ildə qaçqınların sayı iki dəfədən çox artıb. Əksər hallarda, dünyanın ən böyük qaçqın böhranından təsirlənən insanlar Avropa və ya Şimali Amerikanın yüksək gəlirli ölkələrinə gedə bilmirlər. Əvəzində onlar qonşu ölkələrə sığınmaqlarına baxmayaraq, ümumi regional miqrant sayı artır. Hazırda başda Almaniya olmaqla, İtaliya, Fransa və böyük britaniya miqrasiya proseslərini tənzimləmək, sığınacaq və ya deportasiya məsələlərini həll etmək üçün müxtəlif siyasət aparırlar. 2022-ci ildə Almaniya Aİ-də sığınacaq üçün müraciətlərin dörddə birini qəbul edib. Fransa, İspaniya, Avstriya, İtaliya kimi ölkələrdə müraciət qəbulunun sayının artması həm ittifaq ölkələrində, həm də Birləşmiş Krallıqda əhali arsında narahatlıq doğurub. Nəticədə islamafobiyanın artış nisbəti də dəyişib. Aİ ölkələri Avropa İnsan Hüquqları Konvensiyasına əsasən ciddi şəkildə anti-miqrant siyasəti apara bilmir. Lakin əminliklə deyə bilərik ki, Britaniyanın da viza proseslərini maksimum dərəcədə çətinləşdirməsi və hələ bir neçə gün öncə miqrantları həbsxana formalı gəmi ilə ölkədən deportasiya etməsi birmənalı qarşılanmayıb.

Bənövşə

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər