2028-ci il seçkisi: Respublikaçıların namizədlik yarışında Vens və Rubio önə çıxır
ABŞ dövlət katibi Marko Rubionun 2028-ci il prezident seçkisinə hazırlıq məqsədilə istefa verə biləcəyi iddia olunur. Bu addım onun vitse-prezident Ceyms Devid Venslə mümkün rəqabəti və Tramp administrasiyasının siyasətindən uzaqlaşmaq cəhdi ilə əlaqələndirilir.
Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında Oqtay Qasımov bildirib ki, Marko Rubio dövlət katibi vəzifəsindən istefa verəcəyi və 2028-ci il prezident seçkisinə qatılacağı barədə iddiaları təkzib edərək Trampın komandasında qalacağını bildirib.
“Marko Rubionun ABŞ dövlət katibi vəzifəsindən istefa verəcəyi və 2028-ci il prezident seçkisinə hazırlaşacağı ilə bağlı yayılan məlumatları onun özü təkzib edib. Rubio bildirib ki, Donald Trampın komandasında olmaqdan və onunla yoluna davam etməkdən məmnundur. O, dövlət katibi vəzifəsindən istefa vermək niyyətində olmadığını vurğulayıb”.
Ekspert qeyd edib ki, seçki ərəfəsində Respublikaçılar Partiyasının hazırda iki potensial namizədi ön plana çıxır. Bunlardan biri ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vens, digəri isə dövlət katibi Marko Rubiodur. Gələn ilin sonlarından etibarən partiyaların 2028-ci il seçkisi üçün namizədlərinin müəyyənləşdirilməsi prosesi başlayacaq. Məhz həmin mərhələdə respublikaçıların hansı namizəd üzərində dayanacağı daha aydın olacaq.
Oqtay Qasımovun sözlərinə görə, bir neçə gün əvvəl keçirilən seçkidə Respublikaçılar Partiyasının ciddi uğursuzluqla üzləşməsi, həm Senatda, həm də Nümayəndələr Palatasında səs itkisinə məruz qalması partiyanın qarşıdakı seçki üçün mövqelərini çətinləşdirir. 2028-ci ilə qədər kifayət qədər vaxt olsa da, indiki mənzərə respublikaçı namizədin ciddi rəqabətlə qarşılaşacağını göstərir.
Ekspert hesab edir ki,hazırkı mərhələdə İranla müharibə məsələsində özünü müəyyən qədər prosesdən kənarda tutması Vensin siyasi baxımdan önə çıxmasına şərait yarada bilər. Bununla belə, qarşıda təxminən il yarımlıq siyasi mübarizə dövrü var və həmin müddətdə Respublikaçılar Partiyasının sıralarından başqa bir namizədin də meydana çıxması istisna deyil. Bu səbəbdən indidən konkret proqnoz vermək doğru olmaz.
Siyasi şərhçi qeyd edib ki, hazırkı siyasi mənzərəyə əsasən, Respublikaçılar Partiyasında həm siyasi perspektivləri, həm də yaş baxımından Vens və Rubio daha çox diqqət çəkən fiqurlardır. Lakin qarşıdakı dövrdə başqa bir namizədin də ön plana çıxaraq onların hər ikisinə ciddi rəqibə çevrilməsi mümkündür.
Arzum Ağazadə