00:00:00
Yazar
Admin User
09.10.2025 11:02 129 3 dəq oxuma
Siyasət

25 min kubalı Ukraynaya döyüşmək üçün göndərilir

25 min kubalı Ukraynaya döyüşmək üçün göndərilir

25 min kubalı Ukraynaya döyüşmək üçün göndərilir


Rusiya Ukraynaya qarşı müharibədə getdikcə daha çox əcnəbilərə arxalanır. Rekord itkilərə görə Kreml kubalıları, Şimali koreyalıları, afrikalıları və Mərkəzi Asiyadan olan miqrantları müharibəyə cəlb edir.


Bu barədə “Forbes” nəşri yazıb.


Nəşr Ukrayna rəsmilərinə istinadən bildirib ki, yaxın vaxtlarda 25 min kubalı Rusiya tərəfində döyüşə bilər. Onlar hətta Şimali Koreyanı da keçərək döyüş meydanında ən böyük xarici kontingent olacaqlar.


Mövzu ilə bağlı hərbi jurnalist Heydər Mirzə “İnformator.az”a açıqlamasında bildirib ki, Kuba izolyasiya olunmuş ölkədir, 20-ci əsrin ortalarından bəri kommunist rejimi ilə idarə olunur:


“Bəli, kommunist rejimidir və Castronun ölümündən sonra sistem hələ də davam edir. Kifayət qədər liberallaşma baş versə də, Kuba həm iqtisadi, həm siyasi baxımdan izolyasiya olunmuş ölkədir və humanitar problemlərlə üzləşir.


Əhalisi və dövlət olaraq Kubanın valyuta gəlirləri çox məhduddur. Xaricdən gələn valyuta əsasən Kubalı emigrantların göndərdiyi pullardan formalaşır. Bunlar həm qanuni, həm qeyri-qanuni yollarla, məsələn, Meksikada və ABŞ-də yaşayan Kubalıların yaxınlarına göndərdiyi vəsaitlərdir. Ölkədə bank sistemləri arasında əlaqə olmadığından valyuta transferləri müxtəlif üsullarla həyata keçirilir.


Belə şəraitdə heç də təəccüblü deyil ki, Kuba həm siyasi, həm iqtisadi izolyasiyada qalan bir ölkədir. Media tamamilə dövlət nəzarətindədir, buna görə Kubada baş verən hadisələr barədə ətraflı məlumatımız yoxdur. Lakin iqtisadiyyatın vəziyyəti məlumdur və bərbaddır”.


Heydər Mirzə Kubalıların döyüş təcrübəsi haqqında qeyd edib ki, onların təcrübəsi əsasən 70-ci illərin sonu və 80-ci illərdə Afrikada iştirak etdikləri partizan hərakatları ilə bağlıdır:


“Çe Gevaranın rəhbərliyi altında Kubalılar həm Afrikada—məsələn, Angolada, Portuqaliyaya qarşı—həm də Cənubi Amerikada, Kolumbiya və Boliviya kimi ölkələrdə, ABŞ-nin dəstəklədiyi rejimlərə qarşı partizan müharibələrində iştirak ediblər. Bu baxımdan, Kubalıların ciddi gerilla təcrübəsi var. Hətta Çe Gevaranın qələmindən çıxmış kitablar da partizan müharibəsi haqqında yazılıb.


Amma ölkənin kasıb olduğunu nəzərə alaraq ordunun imkanları məhduddur. Sovet dəstəyi artıq yoxdur və hərbi texnika kifayət qədər müasir deyil. Təlim keçən hərbçilərin sayı məhduddur və qeyri-qanuni iştiraklarla təcrübə qazanmaq şansı azdır. Bu baxımdan, Kubalıların kütləvi şəkildə müasir döyüş əməliyyatlarında iştirak etdiyinə dair məlumatımız yoxdur. Son belə məlumatlar 70-ci və 80-ci illərə aiddir.


Buna görə də, Kubalıların Ukraynaya göndərilməsinin effekti Şimali Koreyalıların iştirakından daha az olacaq. Həmçinin, Kubalılar iqlim şəraitinə öyrəşməyiblər. 20 dərəcədən soyuq havanı görməyən hərbçiləri qış aylarında Kiyev və Donbasın buzlu, qarla örtülü bölgəsinə gətirməyin effektini yalnız Rusiya komandanlığı bilər”.


Hərbi jurnalist son olaraq açıqlamasında bildirib ki, Şimali Koreyalılarda isə döyüş təcrübəsi real və geniş miqyaslı olub:


“Onlar müasir döyüşləri gördülər və təcrübə qazandılar. Bu baxımdan, Kubalıların effekti minimal olacaq.


Əsas məqam odur ki, bu prosesdə Çin dəstəyi ola bilər və Sovetin rolunu Çin əvəz edə bilər. Lakin Kubalıların Ukraynadakı döyüş əməliyyatlarına təsiri minimal səviyyədə qalacaq”.


Ləman Mahmudlu

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər