30 günlük müddət başlayıb
İngiltərə, Fransa və Almaniya 2015-ci il nüvə sazişi çərçivəsində İrana qarşı sanksiyaların yenidən tətbiqi üçün BMT-yə rəsmi müraciət edib. “Snapback” mexanizmi 30 günlük prosesi işə salıb.
Mexanizmə əsasən, BMT Təhlükəsizlik Şurası 30 gün ərzində sanksiyaların yenidən qüvvəyə minməsinin qarşısını almaq üçün yeni qərar qəbul etməzsə, sanksiyalar avtomatik olaraq bərpa olunacaq.
ABŞ Dövlət katibi Marko Rubio, E3 ölkələrinin İrana qarşı sanksiyaları geri qaytarmaq istiqamətində atdığı addımı məmnuniyyətlə qarşıladıqlarını bildirib. Rubio deyib: “Bu Avropa müttəfiqləri, İranın nüvə öhdəliklərini yerinə yetirməməsi ilə bağlı ciddi və davamlı uyğunsuzluğunu açıq şəkildə ortaya qoyaraq, sanksiyaların yenidən tətbiqi üçün güclü zəmin yaratmış olublar".
Rubio əlavə edib: “E3 ölkələri 2019-cu ildən etibarən ‘snapback’ mexanizmini hər an işə sala biləcək vəziyyətdə idilər, lakin bunun əvəzinə əvvəlcə intensiv təmas və dialoq yolunu seçiblər. Bununla da İrana nüvə gərginliyini artırmaq strategiyasından çıxış üçün diplomatik bir yol təqdim etməyi üstün tutublar".
Rubio vurğulayıb ki, ABŞ İrana qarşı sanksiyaların bərpası üçün E3 ölkələri – Fransa, Almaniya və İngiltərə, eləcə də digər BMT Təhlükəsizlik Şurası üzvləri ilə əməkdaşlıq edəcək. O, həmçinin bildirib ki, ABŞ nüvə probleminə sülhpərvər və davamlı həll tapmaq üçün Tehranla birbaşa dialoqa açıqdır.
Rubio deyib: “Snapback mexanizmi diplomatiyaya səmimi şəkildə hazır olduğumuz həqiqəti ilə ziddiyyət təşkil etmir, əksinə onu gücləndirib. İran rəhbərlərini ölkələrinin heç vaxt nüvə silahına sahib olmaması üçün dərhal lazımi addımlar atmağa, sülh yolunda irəliləməyə və bununla da İran xalqının rifahını artırmağa dəvət edirəm".
Haberler.com
Aygün Babayeva