00:00:00
Yazar
Ayan Sadi
04.11.2026 23:24 16 3 dəq oxuma
Dünya

Fransa və Almaniyada sosial narazılıq artır

Fransa və Almaniyada sosial narazılıq artır

Fransa və Almaniyada sosial-iqtisadi problemlərlə bağlı etirazlar davam edir. Aksiyalar əhalinin iqtisadi vəziyyətdən narazılığını və hökumətlərə ictimai etimadla bağlı problemləri bir daha gündəmə gətirib.

 

Ekspertlərin fikrincə, bu aksiyalar əhalinin iqtisadi vəziyyətlə bağlı narazılığını və hakimiyyətin qərarlarına münasibətini əks etdirir.

 

Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında deputat Azər Allahverənov bildirib ki, Fransa və Almaniya Avropanın aparıcı iqtisadiyyatları hesab olunsa da, bu ölkələrdə sosial narazılığın artması həyata keçirilən sosial-iqtisadi siyasətin əhali arasında narazılıq yaratdığını göstərir:

 

“Xüsusilə Fransada qiymət artımı, inflyasiya, sosial paketlərin məhdudlaşdırılması və əhaliyə göstərilən sosial dəstəyin azalması ciddi problemlərə səbəb olur. Bu vəziyyət təhsil və səhiyyə kimi mühüm sahələrdə daha qabarıq şəkildə özünü göstərir”.

 

Deputat vurğulayıb ki, Fransada geniş vüsət alan etirazların əsas səbəblərindən biri də təhsil sistemində yaranan problemlərdir. Əməkhaqlarının azalması, məktəblərə sosial dəstəyin göstərilməməsi və digər çətinliklər ilk növbədə müəllimlərin və məktəb kollektivlərinin narazılığına səbəb olub. Sonradan digər sahələrdə mövcud olan iqtisadi problemlər də etirazların genişlənməsinə və hökumətə qarşı etimadsızlığın artmasına gətirib çıxarıb:

 

“Bu proseslər fonunda həm Fransada, həm də Almaniyada ifrat sağçı və ifrat solçu siyasi qüvvələrin fəallaşması müşahidə olunur. İqtisadi zəmində yaranan sosial narazılıqlar sonrakı mərhələdə siyasi mübarizənin kəskinləşməsinə səbəb olub. Xüsusilə Fransada siyasi və parlament böhranı yaşanır. Küçə etirazlarında hüquq-mühafizə orqanlarının fəaliyyətinə qarşı səsləndirilən çağırışlar da vəziyyətin daha da gərginləşə biləcəyini göstərir”.

 

Azər Allahverənov müsahibəsində qeyd edib ki, həmkarlar ittifaqları da bu prosesdə fəal iştirak edirlər. Etirazların əsas mərkəzi Fransa olsa da, Almaniyada da nümayişçilər arasında həmrəylik müşahidə olunur. Bu baxımdan, yalnız iqtisadi islahatların həyata keçirilməsi problemin köklü həlli üçün kifayət etmir. Belə addımlar müvəqqəti yumşalma yarada bilər, lakin əsas problem Avropa İttifaqının idarəçilik sistemindəki struktur çətinliklərlə bağlıdır:

 

“Fransa və Almaniyadakı etirazların səbəbləri arasında ciddi fərqlər yoxdur. Hər iki ölkədə irəli sürülən sosial tələblər mahiyyət etibarilə oxşardır. Əsas fərq isə siyasi mübarizədə iştirak edən qüvvələrin və partiyaların ideoloji istiqamətlərində özünü göstərir”.

 

Azər Allahverənov bildirib ki, 

Fransada 2027-ci ildə keçiriləcək prezident seçkiləri də siyasi proseslərə təsir edən mühüm amillərdəndir. Emmanuel Makronun hakimiyyətdən getməsi artıq zaman məsələsi kimi qiymətləndirilir. Onun siyasi xəttini davam etdirən qüvvələr isə həm ifrat sağçı, həm də ifrat solçu siyasi düşərgələrin rəqabəti ilə üzləşirlər. Bu vəziyyət ölkədə siyasi mübarizənin daha da kəskinləşəcəyini göstərir:

 

“Fransa və Almaniya Avropa İttifaqının iki əsas dövlətidir. Fransa daha çox siyasi qərarların formalaşmasında, Almaniya isə iqtisadi istiqamətin müəyyənləşdirilməsində mühüm rol oynayır. Bu iki ölkədə siyasi və iqtisadi böhranın dərinləşməsi bütövlükdə Avropa İttifaqını çətin vəziyyətə sala bilər.

Hazırda hər iki ölkədə siyasi mübarizə daha çox milli suverenlik və milli maraqların qorunması mövzuları üzərindən aparılır. Liberal dəyərlərdən uzaqlaşma və Avropa İttifaqının mövcud dəyərlər sisteminə yenidən baxılması meyilləri güclənir. Fransada keçiriləcək prezident seçkilərinin və Almaniyada siyasi qüvvələr arasında gedən mübarizənin nəticələri Avropa İttifaqının gələcək siyasətinə də təsir göstərə bilər”.

 

Deputatın sözlərinə görə, son dövrlərdə Avropa İttifaqına üzv dövlətlər arasında milli suverenliyin qorunmasına və müstəqil qərarverməyə maraq artmaqdadır. Rəsmi Brüsselin qəbul etdiyi bəzi qərarlar üzv dövlətlərin maraqları ilə ziddiyyət təşkil edir və bu da narazılığa səbəb olur: 

 

“Nəticə etibarilə, Avropa İttifaqında mövcud idarəçilik modelinə qarşı müqavimət güclənir və bu proses sistem böhranının dərinləşməsinə gətirib çıxarır”. - deyə Azər Allahverənov əlavə edib.

 

 

Nuray Dadaşzadə

#artır #yeni #xəbər #fransa #baki
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər