00:00:00
Yazar
Bəsti Nəsibova
30.07.2026 15:47 22 2 dəq oxuma
Sosial

30 iyul – Ümumdünya İnsan Alverinə Qarşı Mübarizə Günü münasibətilə QHT Koalisiyasının  iclası keçirilib

 

30 iyul – Ümumdünya İnsan Alverinə Qarşı Mübarizə Günü münasibətilə QHT Koalisiyasının iclası keçirilib

30 iyul 2026-cı il tarixində Ümumdünya İnsan Alverinə Qarşı Mübarizə Günü münasibətilə Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin təşəbbüsü ilə Polisə Dəstək İctimai Birliyinin ofisində İnsan Alverinə Qarşı Mübarizə üzrə QHT Koalisiyasının geniş iclası keçirilib.

İclasda DİN-in İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin şöbə müdiri Zöhrab Orucov, İnsan Alverinə Qarşı Mübarizə üzrə QHT Koalisiyasının sədri Mehriban Zeynalova, koalisiya üzvləri Mahirə Əmirhüseynova, Şəmsəddin Əliyev, Gülayə Səfərova, Nailə İsmayılova, Ruxsarə Axundova, Fariz Əkbərov, Zülfiyyə Nuriyeva, Fəridə Hicran, Gəncə şəhərindən Südabə Məmmədova, Quba regionundan Eynulla Xeyrullayev və Sumqayıt şəhərindən Zemfira Mustafayeva iştirak ediblər.

İclas zamanı insan alverinə qarşı mübarizə sahəsində görülən işlər, mövcud çağırışlar, dövlət–vətəndaş cəmiyyəti əməkdaşlığının gücləndirilməsi və gələcək fəaliyyət istiqamətləri müzakirə olunub.

Koalisiyanın mətbuata açıqlamasında bildirilir:

30 İyul – Ümumdünya İnsan Alverinə Qarşı Mübarizə Günü münasibətilə İnsan Alverinə Qarşı Mübarizə üzrə QHT Koalisiyası transmilli mütəşəkkil cinayətkarlığın ən ağır formalarından biri olan insan alverinə qarşı mübarizədə birgə səylərin daha da gücləndirilməsinin vacibliyini vurğulayır.

Bəyanatda qeyd olunur ki, insan alveri insan hüquqlarının kobud şəkildə pozulması, insan ləyaqətinə qarşı yönəlmiş ağır cinayət olmaqla yanaşı, qadınların, uşaqların, əmək miqrantlarının və istismara məruz qalma riski yüksək olan digər həssas qrupların həyat və təhlükəsizliyi üçün ciddi təhdid yaradır. Bu cinayətə qarşı effektiv mübarizə yalnız hüquq-mühafizə tədbirləri ilə deyil, eyni zamanda maarifləndirmə, sosial müdafiə, erkən aşkarlama, zərərçəkmişlərin müdafiəsi və reabilitasiyası istiqamətində dövlət qurumları ilə vətəndaş cəmiyyəti arasında sıx əməkdaşlıq nəticəsində mümkündür.

Koalisiya hesab edir ki, dövlət qurumları, vətəndaş cəmiyyəti institutları, media və beynəlxalq tərəfdaşlar arasında qarşılıqlı etimada əsaslanan əməkdaşlıq daha da genişləndirilməli, xüsusilə gənclər, əmək miqrantları və digər həssas əhali qrupları təhlükəsiz miqrasiya, qanuni məşğulluq imkanları və insan alverinin riskləri barədə davamlı şəkildə məlumatlandırılmalıdır.

Bəyanatda vurğulanır ki, insan alveri yalnız hüquqi deyil, həm də sosial və humanitar problemdir. Hər bir vətəndaşın bu cinayətin əlamətlərini tanıması, riskləri dərk etməsi və şübhəli hallara laqeyd qalmaması insan alverinin qarşısının alınmasına mühüm töhfə verir. İnsan alverinə qarşı mübarizə cəmiyyətin bütün üzvlərinin ortaq məsuliyyətidir.

QHT Koalisiyası Prezident İlham Əliyevin təsdiq etdiyi İnsan Alverinə Qarşı Mübarizəyə dair Milli Fəaliyyət Planının tələblərinə uyğun olaraq dövlət qurumları, beynəlxalq təşkilatlar və media nümayəndələri ilə əməkdaşlığını bundan sonra da davam etdirməyə hazır olduğunu bildirir və bütün cəmiyyəti insan alverinin qarşısının alınmasına yönəlmiş təşəbbüslərə dəstək verməyə çağırır.

İnsan ləyaqətinin qorunması, insan alverinin qarşısının alınması və zərərçəkmişlərin müdafiəsi naminə birgə fəaliyyət göstərmək hər birimizin vətəndaşlıq borcudur.

İnsan Alverinə Qarşı Mübarizə üzrə QHT Koalisiyasının Mətbuat Xidməti

#i̇nsan #alverinə #koalisiyasının #günü #azərbaycan
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər