00:00:00
Yazar
Admin User
11.07.2025 17:27 176 3 dəq oxuma
Siyasət

300 milyon dollar yardım savaşda dönüş yaratmayacaq

300 milyon dollar yardım savaşda dönüş yaratmayacaq

ABŞ Prezidenti Donald Tramp ikinci müddətində ilk dəfə prezident səlahiyyətlərindən Ukraynaya silah tədarük etmək üçün istifadə etməyi planlaşdırır.

Qeyd olunur ki, bu, ABŞ prezidentinin Ukraynanı qorumaqda yeni marağından xəbər verir. Bu proqram çərçivəsində Amerika ehtiyatlarından hansı silahların Ukraynaya göndərilə biləcəyini Trampın komandası müəyyən edəcək.

Mənbələrdən biri bildirib ki, tədarük ediləcək silahlar təxminən 300 milyon dollar dəyərində ola bilər.

 

Mövzu ilə bağlı siyasi şərhçi Əli Zülfüqaroğlu “İnformator.az”a açıqlamasında bildirib ki, Tramp Rusiya ilə münasibətləri normallaşdırmağa çalışır:

 

 “Bunu dəfələrlə açıq şəkildə bəyan edib. Trampın əsas məqsədi Rusiya-Çin-Şimali Koreya ittifaqının inkişafına əngəlləmək, Çinlə ticari savaşda Rusiyanın Çinə dəstək verməməsinə nail olmaqdır. ABŞ Pekin-Vaşinqton arasındakı gedəcək ticari savaş üçün Birləşmiş Ştatların maraqlarını özündə ehtiva edən uyğun beynəlxalq zəmin yaratmağa çalışır. Bütün bunlar onu deməyə əsas verir ki, Birləşmiş Ştatların məqsədi Ukrayna münaqişəsində Avropa İttifaqının planlarının alətinə çevrilməmək, öz maraqları kontekstində çıxış etməkdir. Ona görə də Birləşmiş Ştatların Ukraynaya savaşda dönüş yarada biləcək kütləvi hücum silahlarının verməsi inandırıcı deyil. Sadəcə olaraq, Putinin maksimalist yanaşmasını əngəlləmək, Rusiyanın Ukrayna ilə bağlı Birləşmiş Ştatların maraqlarını təhdid edən fəaliyyətini aradan qaldırmaq üçün Rusiyaya qarşı təzyiq alətləri formalaşdırmağa çalışır. İlkin olaraq, Ukraynaya hava hücumundan müdafiə sistemlərinin verilməsi mümkündür. Bu istiqamətdə Birləşmiş Ştatlar adminstrasiyasından müxtəlif zamanlarda açıqlamalar verilib. Putinin maksimalist mövqeyi Trampın planları ilə üst-üstə düşmür. Eyni zamanda Birləşmiş Ştatlar daxili ictimai rəyində Trampa qarşı mənfi münasibətin yaranmasına gətirib çıxarır. Ona görə də Tramp böyük ölçüdə olmasa da, Rusiyaya qarşı müxtəlif təzyiq xarakterli addımlar ata bilər. Amma Rusiyanın Ukrayna savaşında məğlub edilməsi və ABŞ-nin Avropa İttifaqının, Bayden adminstrasiyanın planlarına uyğun olaraq addım atacağı inandırıcı deyil”.

 

Əli Zülfüqaroğlu qeyd edib ki, 300 milyon dollar dəyərində yardımın verilməsi savaşda dönüşə səbəb ola bilməz: 

 

“Bu çox kiçik bir rəqəmdir. Ona görə də Ukrayna savaşı ilə bağlı Birləşmiş Ştatlar öz siyasətinə kəskin dəyişiklik etməyəcək. Diplomatik təmasların qalması və eyni zamanda Rusiya ilə münasibətlərin kəskinləşməməsinə çalışacaq. Təbii ki, Birləşmiş Ştatların əlində Rusiyaya qarşı çox ciddi təzyiq rıçaqları var. Ukraynaya ciddi silah yardımı, hərbi-siyasi dəstək, eyni zamanda Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsi Rusiyanı daha çətin vəziyyətə sala bilər. Ona görə də Rusiya Trampın maraqlarına qarşı uzun müddət çıxa bilməz. Rusiyanın maksimalist yanaşması Ukraynanı kapitulyasiyaya məcburetmə planları özünü doğrultmayacaq. Burada Birləşmiş Ştatların maraqlarının təmin olunması daha perspektivli görünür. Atəşkəsin əldə olunması Trampın əsas maraqlarından biridir. Amma Putin buna getmədi. İstənilən halda Rusiya uzun müddət maksimalist mövqeyində qala bilməz. Birləşmiş Ştatların bundan sonra atacağı addımlar Ukrayna savaşının hansı məcrada davam etməsi ilə bağlı həlledici amil olacaq”.

 

Nuray Əliyeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər