00:00:00
Yazar
Zəhra Həsənova
02.04.2026 19:54 73 4 dəq oxuma
Siyasət

4 günə sığan savaş: Aprel döyüşləri regiona hansı mesajı verib?

4 günə sığan savaş: Aprel döyüşləri regiona hansı mesajı verib?

2016-cı ilin Aprelində baş verən Aprel döyüşləri Azərbaycan və Ermənistan arasında cəbhə xəttində gərginliyin kəskin şəkildə artması ilə yadda qalıb. Dörd gün davam edən hərbi qarşıdurma nəticəsində, strateji mövqelər uğrunda şiddətli döyüşlər gedib və bu hadisələr regionda hərbi-siyasi vəziyyətə ciddi təsir göstərib. 

 

Mövzu ilə bağlı ehtiyatda olan xüsusi təyinatlı hərbçi, Aprel döyüşlərinin iştirakçısı Mehman Dadaşov isə “İnformator.az”a bildirib ki, Aprel döyüşləri Ermənistanın növbəti dəfə təxribatçı siyasətini ortaya qoyub və regionda siyasi vəziyyətin daha da gərginləşməsinə səbəb olub:

 

“Döyüşlər başlayan zaman biz xüsusi təyinatlı qüvvələr olaraq cəbhə xəttində mövqelərimizi tutmuşduq və düşmənin təxribatlarına hazır idik. Döyüşlər bir həftəyə yaxın davam edib. Bu müddətdə düşmənə həm canlı qüvvə, həm də texnika baxımından ciddi zərbələr endirilib və onlar geri çəkilməyə məcbur edilib. Azad olunan ərazilərdə möhkəmlənib düşmənə sarsıdıcı zərbə vurduq. Aprel döyüşləri böyük qələbənin ilk qığılcımları olub. Bu döyüşlər bir daha göstərib ki, düşmənin təxribatlarına qarşı hər zaman hazır olmalıyıq. Eyni zamanda, zəif tərəflərimizi müəyyənləşdirərək onların üzərində işlədik və mümkün müdaxilələrə qarşı cavab mexanizmlərimizi təkmilləşdirdik. Aprel döyüşləri zamanı reaksiyamız kifayət qədər operativ idi. Bundan əvvəl də müxtəlif tapşırıqların icrasında iştirak etmişdik və müəyyən təcrübəmiz var idi. Lakin aprel döyüşləri zamanı bu təcrübə daha da genişlənib və düşmənə qarşı necə mübarizə aparmalı olduğumuz bir daha aydın olub. Torpaqlarımız uğrunda döyüşmək bizim üçün böyük şərəf idi. Döyüşlərdə əsas məqsədimiz tapşırıqları uğurla yerinə yetirmək və qələbə qazanmaq idi. Atəşkəs qəbul edildikdən sonra əməliyyatlar dayandırıldı və biz dövlətin qərarına hörmətlə yanaşdıq. Lakin döyüşlər davam etsəydi, irəliləməyə hazır idik və artıq müəyyən mövqelərdə üstünlük əldə etmişdik”.

 

Hərbçi bildirib ki, döyüşlər zamanı qarşılaşdıqları çətinliklərə baxmayaraq, şəxsi heyət yüksək ruh yüksəkliyi ilə tapşırıqları yerinə yetirib:

 

“Döyüşlər zamanı çətin anlarımız çox olub. Bəzi ərazilər bizə tanış deyildi və bu, müəyyən çətinliklər yaradırdı. Lakin bilirdik ki, bu torpaqlar bizim dədə-baba yurdumuzdur. Buna görə də, qarşıya çıxan çətinliklər bizi dayandırmırdı. Xüsusi təyinatlılar üçün həll olunmayacaq tapşırıq yoxdur, sadəcə bəzi tapşırıqlar daha çox vaxt və dəqiqlik tələb edirdi. Biz isə vəziyyəti qısa zamanda təhlil edərək döyüşləri davam etdirirdik. Heç bir çətinlik bizi nə qorxudur, nə də geri çəkilməyə məcbur edirdi. Qorxu məsələsinə gəldikdə isə, həyatda qorxusuz insan yoxdur. Əsas məsələ qorxunu dəf etməyi bacarmaqdır. Bizə də təlimlər zamanı öyrədilirdi ki, qorxunu idarə etməli və onu yoldaşlarımıza ötürməməliyik. Döyüşlərin ilk günlərində müəyyən çətinliklər olsa da, sonrakı mərhələdə bu artıq vərdişə çevrildi və biz qorxunu aşmağı bacardıq”.

 

Sonda hərbçi, şəhidlərin xatirəsinə ehtiramını ifadə edib və döyüşlərin nəticələrinə diqqət çəkib:

 

“İkinci Qarabağ müharibəsinə qədər öz üzərimizdə işlədik, gördüyümüz işlər hədər getmədi. Torpaqlarımız işğaldan azad olundu, Azərbaycanın ərazi bütövlüyü bərqərar oldu. Mən döyüşlərdə iki dəfə yaralanmışam, amma hər hansı təxribat olsa da, əsgərlərimizin yanında olacağıma həmişə söz vermişəm və bu gün də hazıram”.

 

Məsələ ilə bağlı deputat Hikmət Babaoğlu “İnformator.az”a açıqlamasında bildirib ki, Aprel döyüşləri böyük tarixi qələbəmizə gedən yolun ilk müjdəçisi idi:

 

“Aprel döyüşləri mühüm bir hərbi-siyasi hadisə kimi Azərbaycan xalqının milli psixologiyasında və mənəviyyatında dönüş yaradıb. Döyüşlər vasitəsilə Azərbaycan bütün dünyaya mesaj verib ki, torpaqlarımızın işğal altında qalmasından heç vaxt razılaşmayacağıq və bir gün mütləq onları azad edəcəyik. Aprel döyüşləri həm də ilk dəfə torpaqlarımızın işğaldan azad olunması kimi yadda qalıb. Cəbrayılın Cocuqmərcanlı, Tərtərin Qazaxlar, Goranboyun Talış kəndi işğaldan azad edilib, ən əsas isə Lələtəpə yüksəkliyi geri alınıb. Azərbaycan xalqında qələbə əzmini və qalibiyyətə inamı yaradıb. Bundan dörd il sonra, qüdrətli ordumuz və Müzəffər Ali Baş Komandanımızın sayəsində torpaqlarımız işğaldan azad edilib. Bütün bunlar Aprel döyüşlərindən başlayan yolun məntiqi nəticəsi idi ki, 2023-cü il sentyabrın 20-də keçirilən lokal antiterror əməliyyatları ilə öz yekununa çatıb”.

 

Mövzu ilə bağlı AMEA A.A. Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Günel Aslanlı “İnformator.az”a bildirib ki, Aprel döyüşləri yalnız lokal hərbi toqquşma deyil, regionun geosiyasi reallıqlarını dəyişən mühüm hadisə olub:

 

“Aprel döyüşləri uzun illər ərzində formalaşmış ‘status-kvo’nun sarsıldığını göstərib. Azərbaycan ordusu qısa müddət ərzində strateji yüksəklikləri ələ keçirərək hərbi balansın birtərəfli olmadığını nümayiş etdirib. Bu döyüşlər həm texniki təchizat, həm də döyüş hazırlığı baxımından üstünlüyümüzü göstərib və regionda qüvvələr nisbətini dinamik edib. Həmçinin, Aprel döyüşləri sonrakı proseslər üçün ‘sınaq mərhələsi’ rolunu oynayıb. Bu döyüşlərdən sonra hərbi və diplomatik müstəvidə yeni reallıqlar formalaşıb. Azərbaycan tərəfi mövqelərini daha inamla ifadə edib. Aprel döyüşləri Vətən müharibəsinə aparan proseslərin ilkin siqnalı kimi qiymətləndirilə bilər. Ən əsası, bu hadisələr orduda və cəmiyyətdə yüksək mənəvi ruh və qələbə əzmini formalaşdırıb”.

 

Fatimə Hüseynli

#Aprel döyüşləri #Azərbaycan #Qarabağ
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər