44 Günün Salnaməsi
27 sentyabr 2020-ci ildə başlayan 44 günlük Vətən müharibəsi Azərbaycan tarixinə unudulmaz zəfər, işğaldan azad olunmuş torpaqlar və yeni dövrün başlanğıcı kimi yazılıb.
Mövzu ilə əlaqədar olaraq siyasi şərhçi Kənan Novruzov "İnformator.az" a açıqlamasında bildirib ki, bu unudulmaz tarix Azərbaycanın haqq savaşı idi:
"Ümumilikdə, 5 il əvvəl - 2020-ci ilin 27 sentyabr tarixindən başlayaraq 44 gün davam edən Vətən müharibəsi nəticəsində Azərbaycan tarixində tamamilə yeni bir mərhələnin başlanğıcı qoyulub. Bu mərhələ Azərbaycanın ərazi bütövlüyünün təmin olunması, suverenliyinin bərpa edilməsi və torpaqlarındakı separatizmə son qoyulması ilə xarakterizə olunur.
Məhz həmin 44 günlük müharibə nəticəsində yalnız Azərbaycanın deyil, bütövlükdə Cənubi Qafqazın geosiyasi reallıqları dəyişib. Regionda yeni oyun qaydaları formalaşıb və bu qaydaların əsas müəllifi isə rəsmi Bakı olub. Bu gün bölgədə cərəyan edən siyasi və diplomatik proseslərin kökündə, o cümlədən, Azərbaycan və Ermənistanın sülhün bir addımlığında olmasında, habelə imperialist Rusiyanın Cənubi Qafqazdakı təsir imkanlarının əsaslı dərəcədə zəifləməsində, regionun çiçəklənməsində, və Azərbaycanın qazandığı siyasi-iqtisadi dividendlər bu müharibənin nəticələrindən qaynaqlanır. Bu, Azərbaycanın haqq savaşı idi. Bu baxımdan, Azərbaycanla Ermənistan arasında imzalanması gözlənilən sülh sazişi xüsusi əhəmiyyət daşıyır. Düşünürəm ki, bu istiqamətdə ilk ciddi addım da elə həmin müharibə ilə atılıb. Həmin müharibə, eyni zamanda, beynəlxalq hüququn tələblərinin yerinə yetirilməsi, BMT qətnamələrinin icrası idi.
Biz eyni zamanda beynəlxalq ictimaiyyətə bir daha sübut etdik ki, 30 il ərzində öhdəlik götürüb onları yerinə yetirməyən ATƏT-in Minsk Qrupunun görə bilmədiyi işi Azərbaycan özü yerinə yetirib. Bu baxımdan, 27 sentyabrda başlanan və 44 gün davam edən İkinci Qarabağ müharibəsi xüsusilə önəmli və tarixi bir hadisədir.
Fikrimcə, bu müharibə təkcə yaxın dövr üçün deyil, Azərbaycanın tarixinin uzaq perspektivi üçün də həlledici, tarixi hadisələrdəndir".
Arzu Poladova
