44 günlük müharibə
2020-ci ilin payızında baş vermiş 44 günlük Vətən müharibəsi Azərbaycan tarixində təkcə döyüş meydanındakı parlaq qələbə ilə deyil, həm də siyasi, diplomatik və informasiya sahəsində əldə edilən uğurlarla yadda qalıb. Bu müharibə ölkənin beynəlxalq arenadakı mövqeyini möhkəmləndirib, regionda yeni reallıqlar yaradıb və Azərbaycanın müstəqil siyasət yürütmək gücünü bir daha göstərib.
44 günlük Vətən müharibəsi ilə bağlı “İnformator.az”a Milli Məclisin deputatı Vüqar Rəhimzadə danışıb:
“Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 gündə 30 illik işğala son qoyulub, ərazi bütövlüyümüz bərpa olunub. BMT Təhlükəsizlik Şurasının illərdir yerinə yetirilməyən 4 qətnaməsini Azərbaycan 44 günlük İkinci Qarabağ müharibəsində özü icra edib. Azərbaycan 30 illik işğal dövründə dünya güclərinin ikili standartlara əsaslanan siyasətini daim öz üzərində yaşayıb. Keçmiş işğal dövründə ədalət və beynəlxalq hüquq məfhumları bəzi dünya güclərinin maraqlarının arxasında dayanaraq problemlərin daha da dərinləşməsinə, Ermənistanın yeni ərazilərin işğalını nəzərdə tutan müharibə planlarına gətirib çıxarıb. Bu yanaşmalar Vətən müharibəsində bir daha özünü nümayiş etdirib”.
Vüqar Rəhimzadə qeyd edib ki, müharibənin ilk günündən Azərbaycanın yanında olan Türkiyə və Pakistanın mənəvi və siyasi dəstəkləri daim dövlətimiz, xalqımız vasitəsilə yüksək dəyərləndirilir:
“İkinci Qarabağ müharibəsinin ilk günündə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın “Azərbaycan tək deyil, Türkiyə onun yanındadır” bəyanatı Azərbaycana əlavə güc verib. Tarixi Zəfərimizdən sonra, 2021-ci ilin 15 iyun tarixində Şuşa Bəyannaməsinin imzalanması ilə Türkiyə və Azərbaycan rəsmən müttəfiqlik zirvəsinə ucalıb. Vətən müharibəsi dövründə xarici siyasət, diplomatik fəaliyyət daha da gücləndirilib. Azərbaycan 44 günlük İkinci Qarabağ müharibəsində yalnız döyüş meydanında deyil, informasiya cəbhəsində də üstünlüyünü qoruyub. Dövlət başçısı İlham Əliyevin 30-dan artıq xarici mətbuata müsahibələrinin hər biri Azərbaycanın diplomatik uğurudur. Prezident İlham Əliyevin bu müsahibələr vasitəsilə dünyaya ünvanlandığı çağırışlar keçmiş münaqişə ilə bağlı beynəlxalq ictimaiyyətin fikrini dəyişdirməyə müvəffəq olub.
Qeyd edim ki, Azərbaycanın xarici siyasəti balanslaşdırılmış və çoxtərəfli əməkdaşlığa əsaslanan bir model üzərində qurulub.Dövlət başçısı İlham Əliyev tarixi Zəfərimizdən, suverenliyimizin tam bərpasından sonra yeni dövrə qədəm qoyan Azərbaycanın qarşısında dayanan hədəflərdən, xarici siyasətimizin prioritetlərindən bəhs edərkən bildirib ki, müstəqil, prinsipial xarici siyasət bizim əsas istiqamətimizdir. Biz indi İkinci Qarabağ müharibəsindən və suverenliyimizi bərpa edəndən sonra daha fəal xarici siyasət aparacağıq. Yeni dövrdə Türk Dövlətləri Təşkilatına üzv olan bütün ölkələrlə qardaşlıq münasibətlərimiz daha da inkişaf edib. Əsas hədəflərdən biri də Türk Dövlətləri Təşkilatını daha da gücləndirməkdir. Azərbaycanın beynəlxalq təşkilatlarla əməkdaşlığı uğurla inkişaf edir. Azərbaycan istər Türk Dövlətləri Təşkilatı, istərsə də İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində fəal diplomatik xətt yürüdərək həm türk, həm də İslam aləmində inteqrasiyanı gücləndirən mühüm təşəbbüslərlə çıxış edir. Ölkəmizin 2024-2026-cı illərdə Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirəyə sədrlik etməsi regional iqtisadi əməkdaşlığın fəallaşdırılması baxımından strateji əhəmiyyət daşıyır. Azərbaycanın Qoşulmama Hərəkatına uğurlu sədrliyi dövründə prinsipial mövqeyi və irəli sürdüyü təşəbbüslər bu qurumun nüfuzunun artmasında mühüm rol oynayıb. Şanxay Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlıq isə Azərbaycanın Asiya regionundakı geosiyasi mövqeyini möhkəmləndirən, təhlükəsizliyi və iqtisadi əməkdaşlığı təşviq edən yeni bir istiqamət kimi aktuallıq qazanır. Bir sözlə, dövlət maraqlarının qorunması hər zaman Azərbaycanın xarici siyasətində fundamental amildir”.
Ləman Mahmudlu
