6 yeni ekspres avtobus xətti: Sərnişin sıxlığı necə azaldılacaq?
Avqustun 15-dən etibarən sərnişinlərin daşınmasını asanlaşdırmaq və nəqliyyat sıxlığını azaltmaq məqsədilə 6 yeni ekspres avtobus xətti fəaliyyətə başlayacaq.
Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında nəqliyyat eksperti Eldəniz Cəfərov bildirib ki, Xətlərin optimallaşdırılması və ekspres avtobus xətlərinin tətbiqi sərnişin sıxlığını azalda bilər:
“Burada əsas məsələ xətlərin sərnişin tələbatının yüksək olduğu istiqamətlər üzrə düzgün təşkil edilməsidir. Mövcud məlumata görə, bununla bağlı artıq yol xəritəsi və müvafiq plan hazırlanıb. Mövcud yol infrastrukturu ekspres avtobusların hərəkəti üçün imkan yaradır. Lakin onların effektivliyini daha da artırmaq üçün bir sıra tədbirlərin görülməsi vacibdir. Bunlara avtobusların hərəkət üstünlüyünün təmin edilməsi, dayanacaqlarda vaxt itkisinin minimuma endirilməsi və marşrutların işıqforlarla koordinasiyası daxildir.
Həmçinin marşrut üzrə ehtiyac olduğu halda, avtobusların maneəsiz hərəkətini təmin etmək məqsədilə müvəqqəti avtobus zolaqları yaradıla bilər. Bu da ekspres xətlərin səmərəliliyini artıracaq təşkilati tədbirlərdən biri ola bilər. Qeyd olunan tədbirlər həyata keçirildikdə ekspres avtobuslar sərnişinlərin səfər müddətini qısalda, eyni zamanda şəhər nəqliyyatının ümumi səmərəliliyinin artırılmasına töhfə verə bilər”.
Əlavə olaraq AYNA-nın katibi Tural Orucov bildirib ki, yeni ekspres avtobus xətlərinin əsas məqsədi metroda yaranacaq əlavə sərnişin yükünün yerüstü nəqliyyat hesabına qarşılanması və sərnişinlərin hərəkətinin asanlaşdırılmasıdır:
"Avtobusların hərəkət intervalı sərnişin tələbatına uyğun tənzimlənəcək, xüsusilə pik saatlarda daha sıx hərəkətin təmin olunması nəzərdə tutulur. 6 yeni ekspres xətt üzrə sərnişin tələbatına uyğun sayda avtobus xəttə buraxılacaq. Bununla yanaşı, mövcud 20 marşrut üzrə də avtobusların sayı artırılacaq və hərəkət intervalları qısaldılacaq. Bu tədbirlərin metro ilə alternativ nəqliyyat əlaqəsinin təmin olunmasına və sərnişin sıxlığının azaldılmasına müsbət təsir göstərəcəyi gözlənilir. Yeni ekspres avtobuslardan istifadə edən sərnişinlər üçün ödəniş şəhərdaxili avtobuslarda tətbiq olunan mövcud sistem əsasında həyata keçiriləcək. Avtobusların hərəkəti isə metronun iş rejiminə uyğun olaraq səhər saat 06:00-dan gecə 00:00-dək davam edəcək.
Yeni ekspres xətlərin fəaliyyətinə başlanıldıqdan sonra sərnişin tələbatı və marşrutların yüklənməsi nəzərə alınaraq zəruri hallarda əlavə tədbirlər görülə bilər. Əlavə məlumatlar olduğu təqdirdə, ictimaiyyətə təqdim olunacaq".
Səadət Əlizadə