00:00:00
Yazar
Elmira Ağayeva
25.08.2026 22:36 30 2 dəq oxuma
Gündəm

603 balla Qarabağ Universitetinə qəbul olan gəncin uğur hekayəsi

603 balla Qarabağ Universitetinə qəbul olan gəncin uğur hekayəsi

 

Qarabağ Universitetinə 603 balla qəbul olunan Nəzrin Məşədiyeva Hüquqşünaslıq ixtisasında təhsil alacaq. O, bu nəticənin illər əvvəl qarşısına qoyduğu məqsədin gerçəkləşməsi olduğunu deyir.

Nəzrin Məşədiyeva DİM-in builki qəbul imtahanında 603 bal toplayaraq Qarabağ Universitetinin Hüquqşünaslıq ixtisasına ingilis dilində təhsil almaq hüququ qazanıb.

Gənc tələbənin sözlərinə görə, hüquqşünas olmaq onun uşaqlıqdan arzusu, Qarabağ Universitetində təhsil almaq isə 10-cu sinifdən qarşısına qoyduğu əsas hədəf olub.

Nəzrin bu universiteti seçməsində atasının da böyük rolunun olduğunu bildirir. Onun sözlərinə görə, Qarabağ torpaqlarının azad olunmasında atasının xüsusi rolu olub və universitetdə təhsil almaq qərarı onun üçün həm böyük fəxr, həm də atasına olan bağlılığının ifadəsidir.

“Qarabağ Universitetində təhsil almaq mənim üçün böyük fəxrdir. Universitetin qapısında olarkən atamdan soruşdum ki, istəyərsən mən burada təhsil alım? O da mənə fəxrlə dedi ki, əlbəttə, sənin bu universitetdə təhsil almağın mənim üçün ən böyük başucalığıdır”, – deyə Nəzrin Məşədiyeva bildirib.

Gənc tələbə uğurunda ailəsinin dəstəyini xüsusi qeyd edir. O, xüsusilə anasının həm valideyn, həm də müəllim kimi daim yanında olduğunu deyir. Motivasiya azaldığı zaman anasının ona məqsədini xatırlatdığını bildirən Nəzrin bu dəstəyin hazırlıq prosesində mühüm rol oynadığını vurğulayır.

Nəzrin abituriyentlərə də məsləhətlərini verib. O, xüsusilə blok fənlərinin diqqətdən kənarda saxlanılmamasını və imtahana qədər sistemli şəkildə hazırlaşmağı tövsiyə edib.

Elmira Ağayeva, İlkin Məmmədov, AZTV Xəbər

#universitetinə #hekayəsi #gəncin #xəbər #uğur
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər