AB ölkələri, ABŞ-nin tariflərinə cavab tədbirlərini müzakirə edir
Avropa İttifaqına (Aİ) üzv ölkələrin ticarət nazirləri, ABŞ-nin tətbiq etmək qərarına gəldiyi tariflərə hansı cavabın veriləcəyini müəyyənləşdirmək üçün Lüksemburqda bir araya gəliblər.
Aİ Komissiyasının Ticarət üzrə məsul üzvü Maros Sefcovic,Aİ-yə üzv 27 ölkənin ticarət nazirlərinin Lüksemburqda keçirdiyi görüşdən öncə açıqlamalar verib.
Sefcovic iştirakın çox yüksək səviyyədə olduğunu vurğulayaraq deyib: “Avropanın qlobal ticarət sistemində paradigma dəyişikliyi olaraq xarakterizə edə biləcəyimiz vəziyyət qarşısında necə mövqe tutacağını müzakirə edəcəyik".
O, nazirlərə ABŞ ilə davam edən təmaslar barədə məlumat verəcəyini bildirib.
“Toplantımızda ABŞ ilə münasibətlərimizdə növbəti addımımızı necə hazırlayacağımıza diqqət yetirəcəyik", – deyən Sefcovic əlavə edib ki, Aİ-nin ticarət sisteminin mümkün ticarət sapmalarının qarşısını almağa necə hazırlaşdırılacağını da müzakirə edəcəklər.
Sefcovic həmçinin çətin vəziyyətdə olan Avropa şirkətlərinə necə dəstək verilə biləcəyi və dünyanın digər ölkələri ilə azad ticarət danışıqlarının sürətləndirilməsi kimi mövzuların da gündəmdə olduğunu bildirib.
Ticarətin 87 faizinin hələ də qaydalara əsaslanan bir sistemlə həyata keçirildiyini qeyd edən Sefcovic, Ümumdünya Ticarət Təşkilatının (ÜTT) mexanizmlərinə uyğun davranmağın vacibliyini vurğulayıb.
ABŞ yeni tariflər çərçivəsində Aİ-dən idxal edilən avtomobil, polad və alüminium məhsullarına 25 faiz, digər bütün məhsullara isə qarşılıqlı tariflərlə 20 faiz idxal vergisi tətbiq etmək qərarına gəlib.
Aİ-nin ilkin hesablamalarına görə, təxminən 380 milyard avro dəyərində Aİ ixracatı ABŞ-nin əlavə tariflərinə məruz qalacaq.
Bunun 290 milyard avrosunun qarşılıqlı tariflərdən, 26 milyard avrosunun polad və alüminiumdan, 67 milyard avrosunun isə avtomobillərdən qaynaqlanacağı gözlənilir.
Son tariflərin Aİ-nin ABŞ-a ixracında təxminən 80 milyard avroluq əlavə vergiyə səbəb olacağı proqnozlaşdırılır.
TRT XƏBƏR
Günel Verdiyeva