“ABB Davr” Bank layihəsi Azərbaycan-Özbəkistan iqtisadi əlaqələrini gücləndirəcək
Azərbaycan və Özbəkistan prezidentlərinin iştirakı ilə “ABB Davr” Bank layihəsinin açılışı olub.
Mövzu ilə bağlı Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli “İnformator.az”a açıqlamasında bildirib ki,ABB-nin Özbəkistan bank bazarına daxil olması Azərbaycanın Mərkəzi Asiyada iqtisadi iştirakının genişlənməsi baxımından mühüm addımdır:
“ABB Davr” Bank layihəsi Azərbaycanın yalnız ticarət və nəqliyyat sahəsində deyil, maliyyə sektorunda da regionda mövqelərini gücləndirdiyini göstərir. Bu, Azərbaycan kapitalının Mərkəzi Asiya bazarlarına çıxışının genişlənməsi və iki ölkə arasında iqtisadi əlaqələrin daha institusional xarakter alması baxımından əhəmiyyətlidir. Layihə Azərbaycan və Özbəkistan arasında ticarət əməliyyatlarının maliyyələşdirilməsini asanlaşdıra, şirkətlərin ödəniş və hesablaşmalarında yeni imkanlar yarada bilər. Xüsusilə Azərbaycan şirkətlərinin Özbəkistanda, Özbəkistan şirkətlərinin isə Azərbaycanda fəaliyyətini genişləndirməsi üçün kredit, zəmanət, hesablaşma və digər bank xidmətlərinin əlçatan olması ticarət dövriyyəsinin artmasına müsbət təsir göstərə bilər. Qarşılıqlı investisiyalar baxımından da bank layihəsinin rolu böyükdür. Bank iki ölkənin biznes dairələri arasında maliyyə körpüsü yaradaraq investisiya layihələrinin maliyyələşdirilməsinə və yeni birgə müəssisələrin yaranmasına şərait yarada bilər. Nəticədə kənd təsərrüfatı, sənaye, logistika, enerji, tekstil və digər sahələrdə Azərbaycan-Özbəkistan birgə layihələrinin sayı arta bilər. Əsas məsələ isə bankın fəaliyyətinin konkret biznes layihələrinə nə dərəcədə çevrilməsidir. Əgər “ABB Davr” Bank Azərbaycan və Özbəkistan şirkətləri arasında maliyyə əlaqələrini aktiv şəkildə dəstəkləsə, bu layihə iki ölkənin ticarət və investisiya münasibətlərində uzunmüddətli artım üçün mühüm alətə çevrilə bilər”.
Güllər Gülhüseynova