00:00:00
Yazar
Admin User
16.09.2025 17:28 99 2 dəq oxuma
Dünya

ABŞ: Avropa əvvəlcə Rusiyaya qarşı sanksiyaları özü sərtləşdirməlidir

ABŞ: Avropa əvvəlcə Rusiyaya qarşı sanksiyaları özü sərtləşdirməlidir

ABŞ Dövlət katibi Marko Rubio bildirib ki, Rusiyaya qarşı daha sərt sanksiyalar tələb edən Avropa ölkələri əvvəlcə eyni məhdudiyyətləri özləri tətbiq etməlidir. O vurğulayıb ki, bəzi Avropa ölkələri hələ də Rusiya malları, xüsusən də neft alır.

 

Mövzu ilə bağlı politoloq Natiq Miri “İnformator.az”a açıqlamasında deyib ki, Avropanın əksər ölkələri Rusiyadan neft almır:

 

“Dostluq kəməri vasitəsilə əsasən neft alan ölkələr Avropa Birliyində Macarıstan və Slovakiyadır. Bu, elə böyük problem yaratmır və həmin nefti başqa mənbələrdən kompensasiya etmək mümkündür. Qaz təminatında isə Avropa Birliyinin Rusiyadan müəyyən asılılığı qalır. Ukrayna–Rusiya müharibəsi başlayana qədər Avropa Birliyinin enerji daşıyıcılarının 40 faizini Rusiya təmin edirdi. Bu, çox böyük rəqəmdir. Sonradan tətbiq edilən məhdudiyyətlər Rusiya üçün ciddi çətinliklər yaradıb. Çünki Moskva vaxtilə yaranmış qıtlıqdan istifadə edərək qazın 1000 kub metrini 400 dollardan yuxarı qiymətə Avropaya satırdı. Bu gün isə həmin qaz və nefti daha ucuz qiymətə Hindistan və Çinə satmaq məcburiyyətindədir və bu da Rusiya büdcəsinə ağır zərbə vurur. ABŞ hələlik yalnız bəyanatlarla Rusiyanı hədələyir, eyni zamanda bəhanələr gətirərək Avropa Birliyini ittiham edir və onu neft və qaz alışını tam dayandırmağa sövq etməyə çalışır. Doqquz aydır ki, Tramp hakimiyyətdədir və müharibəni bir günə bitirəcəyinə söz versə də, irəliləyiş yoxdur. Paralel olaraq BMT-də Avropa Birliyi ölkələri Rusiyanı işğalçı adlandıran qətnamə müzakirə edilərkən onun əleyhinə səs verən ölkələrdən biri də ABŞ olub”.

 

Politoloq əlavə edib ki, Rusiyaya edilən güzəştlər nəticə verməyib:

 

“Bu, Tramp administrasiyasının Rusiyaya qarşı siyasətinin uğursuzluğunu göstərir. Bəhanələr gətirməkdənsə, ABŞ öz siyasətinin doğurduğu nəticələrə diqqət yetirməlidir. İndiyə qədər Vaşinqton Rusiyaya qarşı ciddi sanksiya tətbiq etməyib. İkinci dərəcəli sanksiyalar çərçivəsində yalnız rüsumları artırıb. Məsələn, Rusiyadan neft alan ölkələrə, o cümlədən Hindistana 50–100 faiz əlavə rüsum tətbiq edilib ki, bu da münasibətlərin gərginləşməsinə səbəb olub. Amma işğalçı Rusiya əsas səbəbkar olduğu halda ona qarşı sanksiyalar yoxdur. Hətta perspektivdə Avropa Birliyinin Çinə qarşı da rüsumlar və sanksiyalar tələb etdiyi bildirilir. Bir dövlət başqa dövlətə rüsum artırır, amma digərlərinə – məsələn, Çinə qarşı eyni addımı atmırsa, bu, Hindistan kimi ölkələrdə narazılıq yaradır. ABŞ yanlış siyasət bataqlığına düşüb və bunu əsaslandırmaq mümkün deyil. Müharibə davam edir, sanksiyalar yoxdur, Rusiya isə eskalasiyanı gücləndirir. Bunlar ABŞ administrasiyasının yürüdüyü siyasətin nəticəsidir. Buna görə də ABŞ əvvəlcə öz siyasətinə diqqət yetirsə, daha məqsədəuyğun olar. Çünki bu yanaşma ölkənin beynəlxalq etimadını ciddi şəkildə sarsıdır”.

 

Mələk Hüseynova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər