00:00:00
Yazar
Admin User
22.07.2025 15:42 147 2 dəq oxuma
Siyasət

ABŞ Böyük Britaniyada yenidən nüvə silahı yerləşdirib

ABŞ Böyük Britaniyada yenidən nüvə silahı yerləşdirib

ABŞ 2008-ci ildən bəri ilk dəfə olaraq Böyük Britaniya ərazisində taktiki nüvə silahı yerləşdirib. Bu barədə “UK Defence Journal” məlumat yayıb.

 

Mövzu ilə bağlı politoloq Tural İsmayılov “İnformator.az”a açıqlamasında bildirib ki, ABŞ‑nin B61‑12 taktiki nüvə bombalarını 17 illik fasilədən sonra Leykenhit bazasına gətirməsi Ukrayna müharibəsi fonunda Qərbin genişlənən strateji narahatlığının açıq göstəricisidir:


“Vaşinqton bu addımla Avropada nüvə paylaşımı mexanizminə yeni dinamika gətirir. Eyni zamanda Londona F‑35A təyyarələrinin daşıya biləcəyi modern silahı real vaxt rejimində inteqrasiya etmə imkanı yaradır. Yəni bu, texniki yenilənmə ilə yanaşı psixoloji güc nümayişidir. Moskva təzyiqini artırırsa, NATO-da klassik “nüvə paylaşımı tarazlığına” qayıdır. Böyük Britaniyanın seçilməsi isə simvolikdir. Çünki London hələ də Alyansın nüvə triadasının Avropa qolu sayılır. Bu qərar Rusiya‑NATO münasibətlərinə təsirsiz ötüşməyəcək. Kreml artıq “cavab tədbirlərini” nəzərdən keçirdiyini bildirərək informasiya müharibəsi tonunu yüksəldib. Rəsmi Moskva üçün əsas problem odur ki, B61‑12 modifikasiyasının dəqiqliyi və dəyişən partlayış gücü onun strateji hesablama cədvəllərini silkələyir. Bu da öz növbəsində dialoq yerinə qarşılıqlı hədə‑hədəyə sürüşmə riskini dərinləşdirir. NATO daxilində isə Baltik və Şərqi Avropa ölkələri bu dislokasiyanı həyati sığorta əhəmiyyəti kimi alqışlayır. Ancaq Almaniya və İspaniya kimi ölkələrdən ehtiyatlı səslər gəlir. Beləliklə, qərar Alyansın daxilində də razılaşma testidir”.


Politoloq qeyd edib ki, regionda hərbi gərginliyin yüksəlməsi ehtimalı realdır:

 

“Nüvə başlıqlarının coğrafi yaxınlığı erkən xəbərdarlıq sistemlərində siqnalların sayını çoxaldır. Yanlış həyəcanlar üçün zəmin yaradır. Üstəlik, Rusiya bənzər addımı Belarus ərazisində legitimləşdirməyə çalışırsa, nüvə sabitsizliyində effekt əldə edə bilər. Bununla belə, məntiq göstərir ki, mütənasib və şəffaf yerləşdirmə eyni zamanda genişmiqyaslı müharibəni uzaqlaşdıran sığortadır. Yəni, gərginlik artsa da, tam toqquşma riski eyni səviyyədə qalır. Əgər Vaşinqton və London Vyana sənədləri çərçivəsində məlumat mübadiləsini açıq saxlayarsa, gərginliyin bir hissəsi azaldıla bilər. Əks halda informasiya boşluğu Kreml‑Brüssel arasındakı inamsızlığı qidalandıracaq. Cavab reaksiyası olaraq Rusiyanın Kalininqradda əlavə hipersəs raketlərini daimi dislokasiya etməsi və ya Qərbi Avropaya yönəlik nüvə təlimlərini artırması gözləniləndir”.


Nuray Əliyeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər