00:00:00
Yazar
Admin User
06.11.2025 17:17 126 2 dəq oxuma
Siyasət

ABŞ BMT islahatlarını gözləyir

ABŞ BMT islahatlarını gözləyir

ABŞ Prezidenti Donald Trampın administrasiyası Birləşmiş Millətlər Təşkilatında (BMT) islahatların aparılmasını gözlədiyi üçün hələlik təşkilata maliyyə ödənişlərini dayandırıb. 

 

Məsələ ilə bağlı politoloq Əli Mustafa "İnformator.az"a açıqlamasında bildirib ki, BMT-nin büdcəsinin əhəmiyyətli bir hissəsini Amerika Birləşmiş Ştatları ödəyir:

 

"Təqribən 2022-ci ildən etibarən təşkilatın ümumi büdcəsinin üçdə biri ABŞ-nin payına düşür. Hazırda ABŞ-nin BMT-yə olan adi büdcə borcu təxminən 1,5 milyard dollar təşkil edir. Lakin bu məbləğə BMT-nin tribunallarına və sülhməramlı missiyalarına olan borclar da əlavə olunduqda, ümumi borc 2,8 milyard dollara çatır. Bu isə kifayət qədər böyük məbləğdir. Qeyd edək ki, BMT-nin illik xərcləri təxminən 3,72 milyard dollar təşkil edir. Yəni, ABŞ bu borcu ödəmədiyi halda, BMT-nin ümumi fəaliyyəti iflic ola bilər. Buna görə də məsələ təcili həllini tapmalıdır. Rəsmi məlumata görə, BMT rəhbərliyi ilə Donald Tramp administrasiyası arasında danışıqlar aparılıb və razılığa gəlinib ki, BMT-nin büdcə xərcləri 15% azaldılsın. Bu azalma, təxminən işçi heyətinin 18%-nin ixtisarı və sülhməramlı missiyalara ayrılan vəsaitin 25% azaldılması deməkdir. Hazırda ABŞ-nin BMT-yə ödəməli olduğu ümumi məbləğ təxminən 3,8 milyard dollardır. Bu isə son dərəcə vacib bir ödənişdir, çünki ABŞ BMT-nin əsas maliyyə donorlarından biridir".

 

Ekspert həmçinin bunu da qeyd edib ki, BMT-nin xərclərinin üçdə birindən çoxunu ABŞ ödəyir və bu, onu təşkilat üçün mühüm tərəfdaş edir. Bununla belə, ABŞ-nin özünün də borcu çoxdur:

 

"Belə bir şəraitdə o, həm daxili iqtisadi problemlərini, həm də beynəlxalq öhdəliklərini, o cümlədən BMT-yə olan borcunu yerinə yetirməlidir. Qeyd etmək lazımdır ki, BMT Nizamnaməsinə əsasən, əgər bir dövlət təşkilata olan borcunu iki il ardıcıl ödəməsə, həmin ölkə BMT Baş Assambleyasında səsvermə hüququndan məhrum edilə bilər. Lakin BMT-nin ABŞ-yə qarşı bu cür sanksiya tətbiq etməsi real görünmür, çünki təşkilat böyük dərəcədə ABŞ-dən asılıdır. Bununla belə, görünür ki, Tramp administrasiyası ilə BMT rəhbərliyi arasında müəyyən islahatların aparılması barədə razılaşma əldə olunub. ABŞ tərəfi istəyir ki, BMT öz fəaliyyətində islahatlar həyata keçirsin və səmərəliliyi artırsın. Administrasiyanın mövqeyinə görə, islahatların nəticələri müşahidə olunduqdan sonra bu borcların ödənilməsi məsələsinə baxıla bilər. Hazırda ABŞ federal hökuməti “şatdaun” rejimindədir, yəni maliyyələşmə dayandırılıb. Bu səbəbdən, ABŞ-nin yaxın müddətdə BMT-yə borc ödəmək imkanı məhdud ola bilər. Lakin federal hökumət maliyyələşmə bərpa edildikdən, Konqres qərar qəbul etdikdən sonra, çox güman ki, BMT və ABŞ arasında yaranmış bu məsələ öz həllini tapacaq".

 

Güllər Gülhüseynova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər