“ABŞ bu məsələdə obyektiv mövqe nümayiş etdirmir”
ABŞ Prezidenti Donald Tramp Venezuela hökumətinə qarşı mümkün hərbi əməliyyatla bağlı hələ də yekun qərar verməyib.
Mövzu ilə bağlı siyasi şərhçi Taleh Əliyev “İnformator.az”a açıqlamasında bildirib ki, Venezuelada hakimiyyət uzun illərdir anti-Amerika mövqeyi ilə tanınır:
“Təkcə anti-Amerika mövqeyi ilə yox, eyni zamanda qlobal güc sayılan anti-Amerika dövlətlərlə əməkdaşlıq etməsi və həmin dövlətlərin Amerika yarımkürəsində tərəf müqabili kimi çıxış etməsi heç şübhəsiz ki, ABŞ-ni ciddi şəkildə narahat edir. Bu Amerika dövlətindən müsbət qarşılanmır. Trampın Venezuelada hərbi müdaxilə ilə bağlı tərəddüt etməsi, mən hesab etmirəm ki, yaxın perspektivdə real olsun. ABŞ mümkün təzyiq vasitələri ilə çalışır ki, Venezuelada xalq ayağa qalxsın və mövcud rejimi devirsin. Əgər bu baş verməzsə, o zaman Venezuelada qarşı ABŞ-nin birbaşa müdaxiləsinin şahidi ola bilərik. ABŞ bu məsələdə obyektiv mövqe nümayiş etdirmir. Hansı ölkələr ki, Venezuelada ilə əməkdaşlıq edir, onlar bu məsələdə Venezuelanı sona qədər dəstəkləyəcəklər. Hansı ölkələr ki, ABŞ-nin müttəfiqidir, onlar da ABŞ-nin Venezuelada siyasətini dəstəkləyəcəklər. Bu baxımdan, ABŞ-nin bu məsələ ilə bağlı nə düşündüyü, məncə, hazırkı ədalətsiz dövrdə onu o qədər də narahat etmir. Çünki ABŞ özü də daxilən parçalanmış vəziyyətdədir".
Həmçinin şərhçi qeyd edib ki, Venezuelanın uzunmüddətli təzyiqlərə qarşı müqavimət göstərməsi təkcə ölkə hakimiyyətinin gücü ilə bağlı deyil:
"Bu həm də Venezuelaya dəstək verən Çin, Rusiya, İran və digər müttəfiq dövlətlərin birbaşa və dolayı yardımı sayəsində mümkün olur. Əgər Venezuelada hazırkı rejim devrilməsə və hərbi müdaxilə baş versə, bu, bölgədə ciddi gərginlik yaradacaq. Trampın İrlandiya, Kanada və Venezuela ilə bağlı verdiyi açıqlamalara beynəlxalq birlikdən sərt reaksiya gəlməməsi göstərir ki, gələcəkdə də Venezuela ilə bağlı kəskin addımlar atılarsa, beynəlxalq birlik tərəfindən təcili reaksiya gözlənilmir. 12 günlük İsrail-İran müharibəsi zamanı ABŞ-nin İrana bomba atması və buna dünya ictimaiyyətinin ciddi reaksiya verməməsi fonunda demək olar ki, Venezuelaya qarşı da oxşar addımlar atılarsa, biz bunun fəsadlarını görəcəyik”.
Aytac İbrahimova
