“ABŞ bundan sonra ciddi silahlı qarşıdurma vəziyyətinə yenidən keçmək istəmir”- ŞƏRH
Pakistan nümayəndələri ABŞ və İsrailin İranla münaqişəsinin sülh yolu ilə başa çatdırılması səyləri çərçivəsində mayın 21-i Tehrana səfər ediblər.
Bu barədə ABŞ-nin dövlət katibi Marko Rubio bildirib.
"Pakistanlılar bu gün İrana yola düşəcəklər. İranla danışıqlarda müəyyən irəliləyiş əldə olunub... Bəzi yaxşı əlamətlər var", - o qeyd edib.
Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında politoloq Elşad Mirbəşiroğlu bildirib ki, artıq münaqişənin silahlı qarşıdurma fazasının sona çatdığını göstərən əlamətlər mövcuddur:
“ ABŞ Prezidenti Donald Tramp demişdi ki, ayın 19-da İrana ciddi zərbələr endirəcəkdir. Lakin sonradan bu qərarın təxirə salındığını bildirdi və əsas kimi də onu göstərdi ki, Səudiyyə Ərəbistanın xahişi ilə bu hücum təxirə salındı. Bu sadəcə olaraq Trampın öz qərarını dəyişdirməsini əsaslandırma cəhdi idi. Hesab edirəm ki, ABŞ bundan sonra ciddi silahlı qarşıdurma vəziyyətinə yenidən keçmək istəmir. Fevral ayının sonlarında ABŞ qarşısına çatacağına inandığı hədəfləri qoyub. Amma qarşıdurma nəticəsində ABŞ İran liderlərini sıradan çıxara bilsə də, mahiyyət etibarilə qarşısına qoyduğu hədəflərə çata bilmədi. Bu da bütövlükdə Hörmüz boğazının da bağlanması ilə regionda çox ciddi böhranın əsasını qoydu. Ona görə də bu vəziyyətin daha da gərginləşməsi nə ABŞ-nin, nə də İranın maraqlarına cavab verir və belə olan halda da elə danışıqların intensivliyinə xüsusi önəm verirlər. Pakistan da elə lap başlanğıcdan, daha doğrusu fevralın sonunda ABŞ-nin İrana hücumundan sonra münaqişənin tənzimlənməsi istiqamətində fəallıq nümayiş etdirdi. Bildiyimiz kimi İslamabadda da görüşlər baş tutdu, atəşkəs haqqında razılaşma əldə edildi və Pakistanın hazırda vasitəçilik missiyasını davam etdirdiyini görməkdəyik. Bu baxımdan Pakistan nümayəndə heyətinin İrana səfəri münaqişənin bundan sonrakı tənzimlənməsi prosesində dinamikliyə işarədir və bu vasitəçiliyin nəticələrinə inanmaq olar. Qeyd etdiyim kimi birincisi, tərəflər silahlı qarşıdurmanı hiss olunur ki, davam etdirmək istəmirlər. Bunun da hər iki tərəf üçün bir sıra ciddi səbəbləri var, eyni zamanda, Pakistanın vasitəçiliyi da həm İran, həm də ABŞ üçün məqbul sayılan bir vasitəçilikdir. Bu baxımdan tərəflərin də məqbul bildiyi Pakistan vasitəçiliyi nəticələrini verəcəkdir. Pakistanın uğurlu vasitəçiliyi onun beynəlxalq imicinə eyni zamanda, regiondakı mövqelərinə ciddi təsir göstərəcəkdir. Post- münaqişə mərhələsində də tərəflər arasında gələcəkdə əgər istəkləri olarsa, müəyyən bir müzakirə mühitinin yaranmasında da Pakistana ehtiyac duyula bilər. Bu baxımdan bir daha vurğulamaq istəyirəm ki, bu ümumilikdə Pakistanın regionda nüfuzunun yüksəlməsinə təsir göstərir və nəticəyə yönəlik proseslər də getməkdədir”.
Nurgün Qənizadə