00:00:00
Yazar
Elmira Ağayeva
15.10.2026 21:32 30 2 dəq oxuma
Siyasət

ABŞ kölgə donanmasına qarşı sanksiyaları yumşalda bilər

ABŞ kölgə donanmasına qarşı sanksiyaları yumşalda bilər

 

ABŞ-nin Rusiyanın kölgə donanmasına qarşı sanksiyaları yumşaltmaq niyyəti dünya enerji bazarında neft qiymətlərinin aşağı salınması və Vaşinqtonun iqtisadi maraqları baxımından diqqət çəkir. Xüsusilə dizel yanacağının qiymətinin artmasının ABŞ-də siyasi narazılığa səbəb olması bu addımın mümkün səbəblərindən biri kimi qiymətləndirilir. Sanksiyaların yumşaldılmasının qlobal neft bazarına təsiri və Vaşinqtonun Rusiya ilə münasibətlərində hansı məqsədlərə xidmət etdiyi isə müzakirə mövzusudur.

Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında iqtisadçı Natiq Cəfərli bildirib ki, ABŞ-nin kölgə donanmasına qarşı sanksiyaları yumşaltmaq cəhdi, əsasən, ölkənin daxili iqtisadi və siyasi maraqları ilə bağlıdır:

“ABŞ-nin Rusiyaya, o cümlədən kölgə donanmasına qarşı sanksiyaları yumşaltmaq cəhdi dünya neft bazarında qiymətləri aşağı salmağa yönəlib. Çünki ABŞ-də seçkilərə cəmi üç həftə, hətta bundan da az vaxt qalıb. Qiymətlərin yüksək olması, xüsusilə də dizel yanacağının bahalaşması ABŞ-də Respublikaçılar Partiyasına və Donald Trampa qarşı ciddi narazılıq yaradır. Bu addım, əsasən, həmin amillərlə əlaqədardır. Yəni, ABŞ öz maraqlarına uyğun davranmağa və bu çərçivədə addımlar atmağa çalışır.

Kölgə donanmasına aid tankerlərin bir çoxunun Amerika şirkətləri tərəfindən alınması da nəzərdə tutula bilər. Bu halda tankerlər ucuz qiymətə alınıb dünya bazarında daha baha qiymətə istifadə oluna və ya satıla bilər. Əsas məqsəd budur. Bu addım, eyni zamanda, ABŞ-nin istənilən vaxt Rusiyaya təzyiq göstərə biləcəyini nümayiş etdirir. Belə ki, Vaşinqton sanksiyaları istədiyi vaxt tətbiq edə, istədiyi vaxt isə onların təsirini dayandıra bilər. Buna görə də sanksiyaların yumşaldılmasını Rusiyaya qarşı təzyiq vasitələrindən biri kimi qiymətləndirmək lazımdır”.

Natiq Cəfərlinin sözlərinə görə, sanksiyaların yumşaldılması ABŞ-nin həm dünya enerji bazarındakı qiymətlərə təsir göstərmək, həm də Rusiyaya qarşı təzyiq imkanlarını qorumaq məqsədləri ilə əlaqəli ola bilər. Bu yanaşma Vaşinqtonun sanksiyalardan yalnız iqtisadi məhdudiyyət vasitəsi kimi deyil, həm də siyasi təsir mexanizmi kimi istifadə etdiyini göstərir.

Gülnar Mustafayeva

#kölgə #abş #xəbər #bilər
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər