ABŞ, Çinlə əməkdaşlıq edən Mərkəzi Amerika vətəndaşlarına viza məhdudiyyəti tətbiq edib
ABŞ Dövlət Departamenti, Mərkəzi Amerika ölkələrində olduqları müddətdə Çin Kommunist Partiyası (ÇKP) ilə əməkdaşlıq edən, partiyaya dəstək verən və maliyyələşdirən Mərkəzi Amerika vətəndaşlarına qarşı viza məhdudiyyəti tətbiq edildiyini açıqlayıb.
Departamentin bəyanatında bildirilib ki, ABŞ-nin yeni siyasəti “ÇKP adından fəaliyyət göstərən, regionda hüququn aliliyini sarsıdan fəaliyyətləri istiqamətləndirən, təsdiqləyən, maliyyələşdirən və ya bu fəaliyyətlərə əhəmiyyətli dəstək göstərən” Mərkəzi Amerika vətəndaşlarına vizaların məhdudlaşdırılmasına imkan verir.
Bu çərçivədə, daha əvvəl ÇKP ilə bu kimi fəaliyyətlərdə əməkdaşlıq edən bəzi Mərkəzi Amerika vətəndaşlarına qarşı da bu viza məhdudiyyətlərinin tətbiq edilməsi istiqamətində addımlar atıldığı qeyd olunub. Həmçinin vurğulanıb ki, həmin şəxslər və onların birinci dərəcəli qohumları ümumilikdə ABŞ-yə daxil ola bilməyəcəklər.
TRT HABER
Solmaz Muradova