ABŞ-də 4 sərnişin Boeing-ə qarşı məhkəmə iddiası qaldırıb
ABŞ-də ötən il havada uçuş zamanı gövdəsinin bir hissəsi qopduğu üçün təcili eniş edən təyyarədəki 171 sərnişindən 4-ü, “şəxsi, davamlı və maddi baxımdan zərər çəkdiklərini” əsas gətirərək təyyarənin istehsalçısı Boeing şirkətinə qarşı məhkəmə iddiası irəli sürüb.
"ABC News"un məlumatına görə, 1282 saylı reysi yerinə yetirən və sol orta çıxış qapısının qapağı yerindən çıxan təyyarənin 4 sərnişini fərdi şəkildə məhkəməyə müraciət edib.
Məhkəmə sənədlərində həmin sərnişinlərin həm fiziki, həm də psixoloji baxımdan zərər gördüyü, eyni zamanda maddi itkilərə məruz qaldığı qeyd olunub.
Vaşinqton ştatının Sietl şəhərində qaldırılan bu məhkəmə işi ilə bağlı Boeing hələlik heç bir açıqlama verməyib.
Qeyd edək ki, ABŞ-də Alaska Airlines şirkətinə məxsus "Boeing 737 MAX 9" tipli sərnişin təyyarəsi 2024-cü il yanvarın 5-i axşam saatlarında havada olarkən gövdəsinin bir hissəsi qopduğu üçün göyərtəsindəki 171 sərnişin və 6 ekipaj üzvü ilə birlikdə təcili eniş edib.
Aviaşirkət bununla bağlı 737 MAX 9 tipli 65 təyyarənin yoxlanılması məqsədilə müvəqqəti istifadədən çıxarılacağını açıqlayıb. ABŞ Federal Aviasiya Administrasiyası (FAA) da bu tip təyyarələrin uçuşlarını müvəqqəti olaraq dayandırmaq qərarı alıb.
TRT XƏBƏR
Nuray Əliyeva