00:00:00
Yazar
Admin User
10.09.2025 11:17 150 3 dəq oxuma
Siyasət

ABŞ-də 907-ci düzəliş ləğv edilməlidir

ABŞ-də 907-ci düzəliş ləğv edilməlidir

Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev ABŞ Konqresində Brayan Mast və senator Stiv Dayns ilə görüşüb. Görüşdə 8 avqust Vaşinqton sammitinin strateji əhəmiyyəti, Azərbaycan-Amerika münasibətləri və regional sülh üçün müsbət nəticələr müzakirə olunub. Hacıyev 907-ci düzəlişin ləğvinin vacibliyini vurğulayıb və parlamentariləri Azərbaycana səfərə dəvət edib. Sammitdə Azərbaycan, Ermənistan və ABŞ liderləri 7 bəndlik birgə bəyannamə və sülh sazişi paraflayıb.


Mövzu ilə bağlı siyasi şərhçi Kənan Novruzov “İnformator.az”a açıqlamasında bildirib ki, 8 avqust Vaşinqton razılaşması Cənubi Qafqazda tamamilə yeni reallıqlar yaradıb:


“Bu reallıqların əsas elementlərindən biri ABŞ-nin Cənubi Qafqazdakı təsir imkanlarının artması, paralel olaraq isə Rusiyanın bölgədəki imkanlarının zəifləməsidir.


Bundan başqa, Zəngəzur dəhlizinin açılması ilə bağlı ciddi razılaşma əldə olunub.Artıq sülh və sərhəd məsələlərində geri dönüşü olmayan bir yola qədəm qoyulub. Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması istiqamətində ciddi irəliləyiş baş verib. Ardınca ABŞ-Azərbaycan ikitərəfli münasibətlərində də irəliləyiş müşahidə olunub. Xüsusilə də 907-ci düzəlişin ləğvi məsələsinin gündəmə gətirilməsi baxımından önəmli addımlar atılıb”.


Kənan Novruzov qeyd edib ki, Cənubi Qafqaz ümumiyyətlə həmişə beynəlxalq güclərin diqqət mərkəzində olub:


“Rusiya-ABŞ qarşıdurması, bir çox regionlarda olduğu kimi, Cənubi Qafqazda da özünü göstərib. Dediyim kimi, 8 avqust razılaşması ilə Rusiya Cənubi Qafqazdan xeyli dərəcədə sıxışdırılıb. 2020-ci ildə Rusiyanın bölgədə olmasını təmin edən 10 noyabr razılaşması isə indi gündəmdən düşmək üzrədir. Bu, əlbəttə, Rusiyanı narahat edir və Moskvanın bu narahatlığı həm Ermənistan, həm də Azərbaycana münasibətdə özünü büruzə verir. Azərbaycana qarşı təzyiqlər bunun bariz nümunəsidir. Ermənistanla münasibətlərdə isə kilsənin hakimiyyətə qarşı qaldırılması məhz Rusiyanın Ermənistana yönəlik qıcıqlarının təzahürüdür”.


Siyasi şərhçi bildirib ki, regional sülh prosesinə gəldikdə, dediyim kimi, dinamika və enerji formalaşıb, sülh indi daha yaxındır:


“Sadəcə, Ermənistan Konstitusiyasının dəyişdirilməsinə ehtiyac var. Həmin Konstitusiyada Azərbaycanın ərazisinə iddialar mövcuddur. Çox güman ki, Ermənistan Konstitusiyasını dəyişəcək, amma nə zaman? Mənim proqnozuma görə, gələn ilin payızında bu dəyişiklik baş tuta bilər. Əlbəttə, Ermənistan ictimai şüurunda əvvəlcədən bunun üçün zəmin yaradılacaq, xalq buna hazırlanacaq. Çünki Konstitusiyanın dəyişdirilməsi xalqın hakimiyyətə qarşı ciddi etirazına səbəb ola bilər. Bunu həm rəsmi Bakı, həm də rəsmi İrəvan anlayır. Buna görə də Ermənistan Baş naziri Paşinyan xalqı bu prosesə tədricən hazırlayır”.


Siyasi şərhçi Kənan Novruzov son olaraq açıqlamasında qeyd edib ki, 907-ci düzəlişə gəlincə, əslində, bu məsələyə başqa cür yanaşıram:


“Bu gün Azərbaycanın 907-ci düzəlişin ləğvinə əvvəlki qədər ehtiyacı yoxdur. Torpaqlar işğaldan azad edilməzdən əvvəl bu, daha çox vacib idi. İndi isə strateji baxımdan o qədər də ehtiyac yoxdur. Ancaq bu addım ABŞ-Azərbaycan strateji əlaqələrində dönüş nöqtəsi yarada bilər və yaradacaq. Azərbaycanın mövqeyi daha da güclənəcək. Azərbaycanın əleyhinə addım atmaq istəyən qüvvələr artıq bir deyil, iki-üç dəfə düşünməli olacaqlar. Bununla belə, bu məsələyə ehtiyatla və həssaslıqla yanaşmaq lazımdır.


Bütün hallarda düşünürəm ki, ABŞ-nin regional maraqları nə Azərbaycan, nə də Ermənistan üzərindən təmin olunmamalıdır. Region dövlətlərinin maraqları – xüsusən Bakı və İrəvanın maraqları – qorunmalıdır. Həm Bakı, həm də İrəvan istənilən üçüncü dövlətin regiona müdaxiləsinin qarşısını almalıdır. Regionun gələcəyi bölgə dövlətlərinin öz qərarlarından asılı olmalıdır”.


Ləman Mahmudlu

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər