ABŞ-də dəyirmi masa
ABŞ-də Amerika–Azərbaycan Ticarət Palatasında keçirilən “TRIPP – ABŞ-nin yeni strateji landşaftında Avrasiya kommunikasiyası” mövzusunda dəyirmi masa Avrasiya regionunda nəqliyyat, ticarət və kommunikasiya imkanlarının müzakirəsi baxımından mühüm platforma olub. Tədbirdə çıxış edən Azərbaycanın ABŞ-dəki səfiri Xəzər İbrahim TRIPP layihəsinin mövcud geosiyasi şəraitdə aktuallığını vurğulayaraq, bu təşəbbüsün regional əməkdaşlığın güclənməsinə və iqtisadi əlaqələrin genişlənməsinə töhfə verə biləcəyini bildirib.
Mövzu ilə bağlı politoloq Rəşad Bayramov “İnformator.az”a açıqlamasında bildirib ki, TRIPP-in taleyi əsasən onun necə idarə olunacağından və hansı diplomatik çərçivədə təqdim ediləcəyindən asılı olacaq:
“ABŞ-də keçirilən dəyirmi masa göstərir ki, bu təşəbbüs artıq təkcə iqtisadi deyil, geosiyasi və diplomatik platforma kimi də qəbul olunur. Tədbirdə region ölkələrinin geniş diplomatik təmsilçiliyinin və ABŞ Dövlət Departamenti ilə Ticarət Nazirliyinin iştirakı TRIPP layihəsinin Vaşinqton üçün strateji maraq kəsb etdiyini açıq şəkildə nümayiş etdirir.
İlk növbədə, Ermənistan və digər region ölkələrinin mövqelərinə təsir məsələsinə baxdıqda görürük ki, TRIPP regional kommunikasiyalarda alternativ marşrutlar və yeni inteqrasiya formatları təklif edir. Bu, Ermənistan üçün ikili təsir yarada bilər.
Bir tərəfdən, layihə İrəvana regional tranzit proseslərində iştirak üçün yeni imkanlar açır və onu təcrid olunmuş mövqedən çıxmağa təşviq edir. Digər tərəfdən isə Ermənistanın prosesdən kənarda qalması riskini də artırır. Bu baxımdan TRIPP dolayısı ilə Ermənistanı daha çevik və praqmatik regional siyasət yürütməyə vadar edə bilər.
TRIPP-in diplomatik müzakirələrdə yaratdığı yeni imkanlar da diqqətəlayiqdir. Layihə klassik siyasi müzakirələri iqtisadi və logistika gündəliyi ilə tamamlayır. Bu isə tərəflər arasında dialoqun ideoloji qarşıdurmadan daha çox maraqlar üzərindən aparılmasına şərait yaradır. ABŞ üçün TRIPP Avrasiyada təsir alətidir, region ölkələri üçün isə Vaşinqtonla birbaşa və çoxtərəfli əməkdaşlıq mexanizmi rolunu oynaya bilər. Belə platformalar, adətən, ikitərəfli münasibətlərdə gərgin mövzuların yumşaq gündəmlərlə balanslaşdırılmasına imkan verir".
Müsahibimizin sözlərinə görə, region ölkələrinin reaksiyası təbii ki, fərqli olacaq:
"Rusiya və İranın mövqeləri ortadadır. Rusiya dəhlizə nəzarətdən kənarda saxlanıldığı üçün bu layihəyə isti baxmır. İran isə dəhlizin açılmasını həm iqtisadi, həm də siyasi cəhətdən özü üçün təhlükə olaraq görür. İrana görə, dəhlizin işə düşməsi İran ərazisindən keçən nəqliyyat dəhlizlərində tranzit yüklərin həcminin azalmasına səbəb ola bilər. Digər tərəfdən, dəhlizin ABŞ şirkətinin nəzarətinə verilməsi də İranın mühafizəkar dairələrini narahat edir. Əslində isə bu layihə həm İran, həm də Rusiya üçün yeni imkanlar deməkdir. İran Fars körfəzindən Qara dənizə çıxış imkanı, Ermənistanla Naxçıvan üzərindən dəmir yolu əlaqəsi əldə edəcək. Rusiya da eynilə həm Ermənistan, həm də İranla yeni nəqliyyat xətləri əldə edəcək. Türkiyə, Azərbaycan və Mərkəzi Asiya ölkələri layihəni mövcud nəqliyyat və enerji strategiyalarının davamı kimi qəbul edir və bu layihəni Türk dünyasının birliyi üçün vasitə olaraq görürlər. Qırğızıstan, Tacikistan və Türkmənistan kimi ölkələr layihədən daha çox iqtisadi və infrastruktur investisiyaları gözləyir.
Ümumiyyətlə isə uzunmüddətli perspektivdə TRIPP regional siyasətdə həm sabitləşdirici, həm də potensial risk daşıyan amil ola bilər. Əgər layihə inklüziv şəkildə icra olunarsa və rəqabət yox, qarşılıqlı fayda məntiqinə əsaslanarsa, regional inteqrasiyanı və sabitliyi gücləndirə bilər. Lakin proses geosiyasi bloklaşma alətinə çevrilərsə, bəzi ölkələr arasında gərginlik və etimadsızlıq da yarada bilər. Bu səbəbdən TRIPP-in taleyi əsasən onun necə idarə olunacağından və hansı diplomatik çərçivədə təqdim ediləcəyindən asılı olacaq”.
Aydan Əsgərxanlı
