00:00:00
Yazar
Admin User
01.09.2025 11:03 258 3 dəq oxuma
Siyasət

ABŞ-dəki sülh sazişindən sonra Azərbaycan-Avropa münasibətlərində yeni mərhələ

ABŞ-dəki sülh sazişindən sonra Azərbaycan-Avropa münasibətlərində yeni mərhələ

ABŞ-də sülh sazişinin paraflanmasından sonra Azərbaycan ilə Avropa İttifaqı arasındakı münasibətlərdə yeni mərhələnin başlandığı müşahidə olunur. İki tərəf arasında siyasi dialoqun intensivləşməsi, qarşılıqlı etimadın artması və əməkdaşlığın müxtəlif sahələrdə dərinləşməsi diqqət çəkir. Bu proses regionda sabitliyin möhkəmlənməsi və Azərbaycanın Avropa ilə strateji tərəfdaşlığının inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir.

 

Məsələ ilə bağlı politoloq Tural İrfan "İnformator.az"a açıqlamasında bildirib ki, Azərbaycan və Ermənistan arasında sülh bəyanatının ABŞ-də paraflanması çox önəmli məsələdir:

 

"Bu dərin düşünülmüş müdrik addımdır. Ondan əvvəlki bəyanatın Rusiyanın iştirakı ilə olmasına Avropa müəyyən bəhanələr gətirirdi. Əsasən Fransa Ermənistanı revanşa təhrik etməyə cəhdlər edib. Lakin Vaşinqton bəyanatının imzalanması bütün bu bahanə və suallara son qoyub. Azərbaycanın Avropa İttifaqı ilə münasibətlərin yüksələn tempdə davam etməsinə ölkəmiz tərəfindən maneə yoxdur. Lakin bəzi Avropa dövlətlərində ölkəmiz haqqında birmənalı olmayan rəylər mövzudur. Müxtəlif təşkilatların əli və vasitəsi ilə demokratiya və insan haqları ilə əlaqədar bəzi vaxtlarda əsassız məlumatları həqiqət kimi önə çıxardır, mövzunu əsas məsələdən yayındırmağa çalışırlar. Əsas məsələ keşmiş Qarabağ problemi idi ki, bu da həll olunub. Artıq ATƏT-in Minsk qrupunun da ləğv olunması Avropanın əlindən ölkəmizə qarşı basqı ümidlərini də puç edib. Hazırda isə bərabərhüquqlu formada yeni münasibətlərə can atmalı, Zəngəzur dəhlizini açmaqda olan, regionda güc və söz sahibi Azərbaycan ilə əlaqələrin inkişafına çalışmalıdır. Hesab edirəm ki, Qərbin siyasi, ideoloji institutları artıq bunu dərk və qəbul etməyə məcburdurlar. Yeni reallıqları qəbul etmədən yan keçmək onların özünə zərərli ola bilər. Avropada İslam və müsəlmanlıq əleyhdarlarının tez-tez səlibçi məfkurədən qidalan aksiya və çıxışları, Türk milləti və Türkiyə əleyhinə proqramları bu münasibətlərə mane olan amillərdəndir. Ermənistan ilə Azərbaycanın sülh məsələsi müqabilində Avropa bütün bu cür yanaşmaları kənara qoymalıdır. Vaşinqtonda imzalanan sülh Avropanı narahat edəcək məsələ deyil. Elə güman edirəm ki, Avropa da müəyyən məsələlərdə sülh naminə addımlar atsa, bəlkə bir sənəd də Avropa İttifaqının iştirakı ilə imzalana bilər".

 

Ekspert həmçinin bunu da bildirib ki, ABŞ-nin və Avropa İttifaqının Cənubi Qafqazda öz maraqları var:

 

"Müəyyən mənada bu maraqlar uzlaşmaya bilər. Lakin bu məlum sülh prosesinə təhlükə yaratmaq həddinə çatmamalıdır. Onunla bağlı ABŞ və Avropa İttifaqının özü maraqlar mövzusunda münasibətlərini tənzimləməlidir. Elə hesab edirəm ki, əsasən regionda narahatlıq ehtimalı yaradan Rusiya və İran faktorudur ki, bu mövzuda da Avropanın ABŞ ilə çox da ziddiyətli fikir ayrılığı yoxdur. Avropa İttifaqının Azərbaycanla münasibətlərinin müsbət inkişaf tempində irəliləyəcəyinə inanıram. Qafqazda Ermənistan və Gürcüstanın da Avropa meyilli siyasəti və Rusiyadan tədricən uzaqlaşması Avropanı Qafqaza yaxınlaşdırır. O cümlədən Azərbaycanın öz xarici siyasəti imkan verir ki, həm Avropa İttifaqı ilə həm də ABŞ ilə münasibətlərini nizamda saxlasın. Vaxtilə Fransa kimi Avropa dövlətləri əsasən Ermənistan - Azərbaycan arasındakı keçmiş münaqişədən bəhanə olaraq istifadə edib. Bu məsələnin həlli, Azərbaycanın qələbəsi və bunun fonunda ölkədə xalqın hakimiyyətə daha da bağlanması Qərbin bəzi dairələrinin "insan haqları, demokratiya, azadlıq" kimi şüarlarla dövlətin üstünə gəlməsi ümidlərini sıfıra endirib. Beləcə Avropa İttifaqının Azərbaycanla xoş münasibətlər qurmaqdan və reallıqları qəbul etməkdən başqa yolu qalmayıb. İqtisadi, ticari, siyasi əlaqələrin daha da inkişaf etdirilməsi lazımdır. Zəngəzur yolu məsələsində Avropa İttifaqının ehtiyacları səbəbi ilə ölkəmizlə anlaşması, sülhə töhfə verməsi gözləniləndir. Düşünürəm ki, Avropa İttifaqı ölkələri ilə ABŞ-nin və Cənubi Qafqaz ölkələrinin ümumi münasibətləri müsbət mənada inkişaf edəcək. Birləşdirən maraqlar toqquşan maraqlardan daha çoxdur".

 

Güllər Gülhüseynova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər