00:00:00
Yazar
Admin User
05.09.2025 15:07 279 3 dəq oxuma
Siyasət

ABŞ Fələstini tanımaq istəyənlərə xəbərdarlıq edib

ABŞ Fələstini tanımaq istəyənlərə xəbərdarlıq edib

ABŞ Dövlət katibi Marko Rubio deyib ki, Fələstin dövlətini tanımaq planları böyük problemlər yarada bilər.


O bildirib ki, bu, irəliyə doğru yol deyil və Qəzzada atəşkəs əldə etməyi çətinləşdirəcək.


“Bu addımlar HƏMAS-ı danışıqlardan uzaqlaşdırır. Bəzən bilirsiniz, onlar qulaq asmır və öz daxili siyasətlərinə görə istədiklərini edirlər. Ancaq nəticələr də budur”.


Qeyd edək ki, Böyük Britaniya və Belçika hökumətləri Fələstin dövlətini tanımaq niyyətindədir.


Mövzu ilə bağlı politoloq Tural İrfan “İnformator.az”a açıqlamasında bildirib ki, müharibənin sonlanması üçün mütləq Fələstin dövləti qurulmalıdır:


“Yaxın Şərqdə qanın durması, müharibə və terrorun sona çatması üçün mütləq Fələstin dövləti qurulmalıdır. Bu, BMT-nin beynəlxalq hüququnun tələbidir. De-fakto vaxtilə qərar verilib ki, ərazidə iki dövlət qurulacaq. İsrail qurulub, lakin İsrailin gələcəkdə Fələstin də daxil olmaqla bir çox ərəb ölkələrini tutmaq barədəki planları ikinci dövlətin qurulmasına imkan verməyib. Hazırda artıq Fələstin-İsrail problemi İsrailin sayəsində qlobal və dünya üçün həyati təhlükə daşıyan problemə çevrilib. Bu problemdən təkcə Fələstin və ərəb ölkələri əziyyət çəkmir, eyni zamanda bütün dünya əziyyət çəkir. İsrailin məsələni yalnız öz maraqları çərçivəsində həll etmək planı yaxud heç bir rəyi, fərqli təklifi dinləmədən yalnız müharibə və qan tökməklə həll etməyə cəhd etməsi effekt vermir. Əksinə həm özünə, həm də digərlərinə təhdid yaradır. Dünyada xalqlar və dövlətlər arasında münasibətlər pozulur, düşmənçilik artır, gələcəkdə ehtimal olunan növbəti münaqişə ocaqları yaranır. Bunu dərk edən Avropa ölkələri artıq Fələstini tanımaq qərarına gəlib. Faktiki olaraq Fələstində soyqırımı aparılır. Bu da insanlıq əleyhinədir. Təbii ki, ABŞ-də yəhudi lobbisinin təsiri böyükdür. Böyük mənsəblərə, hətta dövlət siyasətinə belə təsir etmək imkanları var. Ona görə də birmənalı olaraq İsraili dəstəkləyirlər. Amma bu dəstək qana davam dəstəyidir. Balans pozulub. Fələstin tam əzilmiş və məhvə məhkum, İsrail isə böyük güc sahibi və heç bir beynəlxalq qanuna məhəl qoymayan tərəfə çevrilir. İsrailin hazırki davranışı özünün gələcək aqibətinə tənqid yaradır. Çünki demək olar ki, dünyanın böyük hissəsinin qınaq və nifrətinə tuş gəlib. ABŞ-nin Fələstini tanımaq istəyən dövlətlərə qarşı təzyiqi beynəlxalq qanuna və hüquqa ziddir. Bu, dolayı təhdiddir. Tanımaq istəyən dövlətlər problemin çözülməsinə vəsilə üçün bu addımı atırlar. İsrailin və ABŞ-nin qərarı isə müharibəni davam edərək tədricən Fələstini və xalqını əridib İsrailin içində yox etməkdir”.


Politoloq qeyd edib ki, Fələstin dövlətinin tanınması ilə Qəzza problemi də tamamilə həll ola bilər:


“Fələstin dövlətinin tanınması Qəzza problemini kökündən həll edə bilər. Beynəlxalq təşkilatların, Avropa İttifaqı ölkələrinin ordusu daxil ola bilər. Tanınmasına maneçilik isə qırğını və Qəzzanın tam işğalını sürətləndirə bilər.
Fələstinin tanınması prosesində böyük güclərin o qədər maraqları toqquşa bilməz. Çin, Rusiya, Avropa dövlətləri və dünyanın böyük hissəsi Fələstinin tanınmasına qarşı deyil, çoxu da dəstəkləyir. Əsas böyük güc olan ABŞ-nin etirazıdır ki, o da məsələ ciddi müstəviyə minsə geri çəkilməyə məcbur olacaq. Təkcə İsrailin bir haqsız qərarına görə bütün dünyanı qarşısına alması ağlabatan deyil. Fələstinin tanınmaması Türkiyənin regionda daha güclü təsirə malik olmasına səbəb olacaq. Düşünürəm ki, artıq Avropa dövlətləri və digər güclər qərara gəliblər ki, həqiqətən də bu problemin həlli yalnız Fələstini dövlət kimi tanıyıb ona dəstək verməkdir. Çünki İsrailin aqressiyası və beynəlxalq hüququ tapmaması müəyyən zaman kəsimində təsirli olsa da ömürlük ola bilməz. Qəzzada hazırda tarixdə misli görünməmiş dəhşətli hadisələr yaşanır. Şübhəsiz ki, həmişə insan haqlarını dilində şüar edən Avropa da bir gün namusa boğulub Qəzzada soyu kəsilən insanların hüquqlarını müdafiə üçün səsini çıxarmalı, təsirli vasitələrdən istifadə etməli və Fələstin dövlətinin qurulmasına çalışmalıdır”.


Lalə Qurbanlı

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər