ABŞ Gürcüstanın Müdafiə Nazirliyinə 10,4 milyon dollardan çox qrant ayırır
Amerika Birləşmiş Ştatları (ABŞ) hökuməti Gürcüstanın Müdafiə Nazirliyinə ümumi dəyəri 10,4 milyon dollardan çox olan qrant ayıracaq. Sözügedən qrantlar Gürcüstanın müdafiə qabiliyyətinin gücləndirilməsinə və texniki təminatın yaxşılaşdırılmasına yönəlib.
Mövzu ilə bağlı politoloq Əli Mustafa "İnformator.az"a açıqlamasında bildirib ki, Gürcüstan hökuməti ciddi şəkildə Rusiyanın təsiri altındadır:
"Amerikanın Gürcüstan hökumətinə göndərdiyi yardım yeni deyil, uzun illərdir bu cür dəstək göstərilir. Ümumilikdə məqsəd postsovet məkanındakı dövlətləri dəstəkləmək və onların tədricən Rusiyadan uzaqlaşmasına kömək etməkdir. Eyni zamanda bu yardım Müdafiə Nazirliyi sistemi daxilində ABŞ üçün müəyyən təsir imkanları yaratmaq məqsədi daşıyır. Lakin son illər Gürcüstanda vəziyyət müəyyən qədər dəyişib. Hazırda Gürcüstan hökuməti ciddi şəkildə Rusiyanın təsiri altındadır. Bu səbəbdən Avropa və ABŞ yardımları azaldıb. Əslində isə 10 milyon dollar daha çox simvolik məbləğdir. Anlaşılan odur ki, ABŞ bu yardımı davam etdirməklə ən azı mövcud əlaqələri və təsir imkanlarını qorumağa çalışır. Təbii ki, bu, kifayət qədər az məbləğdir və Gürcüstanın Müdafiə Nazirliyinin ümumi büdcəsinə ciddi təsir göstərmir. Bütövlükdə baxsaq, Gürcüstanın hazırkı siyasəti ABŞ və Avropanın Cənubi Qafqazla bağlı siyasəti ilə uyğun gəlmir. Bununla belə, bu gün Gürcüstan Türkiyə üzərindən müəyyən əlaqələri qoruyub saxlayır və inkişaf etdirir. Aydındır ki, Qərb Gürcüstandan hələ tamamilə ümidini üzməyib. Güman edilir ki, Rusiya və Ukrayna müharibəsinin nəticəsindən asılı olaraq Gürcüstanın yenidən Qərbin orbitinə qayıtmaq ehtimalı nəzərə alınır və bu səbəbdən ABŞ simvolik də olsa, yardımını davam etdirir".
Xədicə Məhərrəmli
