00:00:00
Yazar
Admin User
30.10.2025 18:44 146 2 dəq oxuma
Dünya

"ABŞ hökuməti İranla danışıqların davam etdirilməsində maraqlıdır"

"ABŞ hökuməti İranla danışıqların davam etdirilməsində maraqlıdır"

Qətərin Baş naziri Məhəmməd bin Əbdülrəhman Əl Tani bildirib ki, Doha nüvə proqramı ilə bağlı danışıqların yenidən başlanması üçün ABŞ və İranla əməkdaşlıq edir. O qeyd edib ki, hazırda “nüvə yarışı” yoxdur və İranın dinc məqsədlərlə nüvə proqramını inkişaf etdirmək hüququ var.

 

Mövzu ilə bağlı Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyası İdarə Heyətinin üzvü, siyasi şərhçi Əli Zülfüqaroğlu açıqlamasında qeyd edib ki, ABŞ administrasiyası İranın vurulmasının tərəfdarı deyil:  

 

“Ona görə də bu cür vasitəçilik Birləşmiş Ştatların maraqlarına uyğundur. İranın nüvə obyektlərinin ABŞ vasitəsilə bombalanması ilə bağlı Türkiyənin xarici işlər naziri Hakan Fidanın açıqlaması real mənzərəni ortaya qoyur. Hakan Fidan bildirdi ki, əslində ABŞ nüvə obyektlərinə zərbədən öncə, Türkiyə vasitəsilə İranı xəbərdar edib. Eyni zamanda İran da Qətərdə ABŞ-nin bazasının vurulmasından əvvəl Türkiyə vasitəsilə ABŞ-ni məlumatlandırıb. İranın vurulması neft qiymətlərinin artmasına, o cümlədən, ABŞ-nin Yaxın Şərq regionundakı mövqelərində təhdidlərin yaranmasına şərait yarada bilər. Ona görə də, ABŞ hökuməti sionist lobbinin təzyiqlərini neytrallaşdıraraq, İranla danışıqlar prosesinin davam etdirilməsində maraqlıdır. Trampın İrana zərbədən sonra “artıq nüvə təhdidi aradan qaldırılıb” ifadəsi İsrailə mesaj xarakteri daşıyırdı. ABŞ İsrailə mesaj verdi ki, artıq İranla müharibənin davam etdirilməsinə ehtiyac yoxdur, nüvə təhdidi tam aradan qalxıb. Amma İsrail prezidenti Trampa cavab olaraq bildirdi ki, zərbələr İranın nüvə silahı əldə etməsi prosesini cəmi 2 ay gecikdirə bilər. Trampın verdiyi son açıqlama ABŞ-nin İranla diplomatik kanalları açıq saxlamaqda maraqlı olduğunu göstərir. İranın vurulması bölgədə proqnozlaşdırılması və geri dönüşü olmayan fəlakətlərə yol aça, eyni zamanda dünyada çox ciddi iqtisadi və siyasi problemlər meydana gələ bilər. Bu baxımdan İranla danışıqların aparılması, məsələnin konstruktiv yolla həll edilməsi həm ABŞ, həm də İran üçün adekvat yanaşmadır. Amma İsrail hökuməti birmənalı şəkildə çalışır ki, bölgədə xaos davam etsin. Yəni, Birləşmiş Ştatların birbaşa müharibəyə cəlb olunması İsrailin maraqlarına cavab verir. Ona görə də, Qətərin vasitəçilik missiyası Vaşinqtonun maraqlarını özündə ehtiva edir. Təbii ki, sionist lobbi yenə də bu prosesi pozmağa və İranla Birləşmiş Ştatlar arasında hərbi toqquşma risklərinin artmasına çalışacaq. Amma buna rəğmən proses müsbət perspektivlər vəd edir”.

 

Mələk Hüseynova 

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər