ABŞ hökumətində maliyyələşdirmə böhranı
ABŞ hökuməti maliyyələşdirmə ilə bağlı razılığa gələ bilmədiyi üçün fəaliyyətini rəsmi olaraq dayandırıb. Bu, "şatdaun" adlanır və federal qurumların fəaliyyətinə ciddi təsir göstərir. Sonuncu dəfə belə bir hadisə 7 il əvvəl qeydə alınıb. Hazırda isə şatdaunun nə qədər davam edəcəyi bəlli deyil. ABŞ-də baş verən bu prosesin həm ölkə daxilində, həm də qlobal miqyasda təsirləri maraq doğurur.
Mövzu ilə bağlı politoloq "İnformator.az"a açıqlamasında bildirib ki, ABŞ-də şatdaun tez-tez baş verməsə də, qeyri-adi hal da sayılmır:
"Donald Trampın prezidentliyi dövründə üç dəfə belə vəziyyət yaranıb və indiki hadisə artıq dördüncüsüdür. Ən uzun sürən şatdaun isə həmin dövrdə, 36 gün davam edib. Şatdaunun əsas səbəbi Konqresdə təmsil olunan partiyaların dövlət xərcləri ilə bağlı ortaq məxrəcə gələ bilməməsidir. Demokratlar öz prioritetlərini irəli sürür, Respublikaçılar başqa təkliflərdən çıxış edirlər. Bəzi hallarda isə kompromis əldə olunmur. Bu dəfə də xərclərlə bağlı qanun layihəsi Nümayəndələr Palatasında qəbul olunsa da, Senatda tələb olunan 60 səsi ala bilmədi. Buna görə də şatdaun baş verdi, amma çox güman ki, bu, uzun sürməyəcək. Şatdaun ilk növbədə dövlət qurumlarının fəaliyyətinə müəyyən təsir göstərir. Bir sıra dövlət strukturlarında çalışan işçilər məcburi məzuniyyətə göndərilirlər, lakin ən mühüm strukturlar fəaliyyətini əvvəlki qaydada davam etdirir.
Əslində bu hadisə dövlət idarəçiliyinə tam iflic gətirmir. Ona görə də ciddi fəsadlardan danışmaq düzgün olmaz. Əksinə, bəzi hallarda hakimiyyət bundan istifadə edərək dövlət strukturlarında işçilərin sayının optimallaşdırılması üçün eksperiment aparır. Tramp hakimiyyəti dövründə də bu cür yanaşma özünü göstərmişdi".
Beynəlxalq siyasətə və qlobal iqtisadiyyata təsirlərə gəldikdə isə politoloq bildirib ki, qısamüddətli şatdaun dünya səviyyəsində ciddi nəticələr doğurmur:
“Bu, o qədər dəhşətli hadisə deyil ki, beynəlxalq siyasətdə böyük dəyişikliklərə səbəb olsun. ABŞ kifayət qədər böyük və imkanlı iqtisadiyyata malikdir. Ona görə də bu proses qısa müddətli olsa, beynəlxalq arenada ciddi sarsıntılar gözlənilmir, ancaq uzun sürərsə, təbii ki, həm ölkə daxilində, həm də beynəlxalq miqyasda narahatlıqlar yarada bilər".
Sura Əliyeva
