00:00:00
Yazar
Admin User
19.07.2023 07:29 346 2 dəq oxuma
Dünya

ABŞ Hörmüzə qırıcı göndərir

ABŞ Hörmüzə qırıcı göndərir

Amerika Birləşmiş Ştatları Hörmüz boğazına F-16 və F-35 qırıcıları göndərəcək. Mayda Ağ Ev Bayden administrasiyasının bölgədə bir sıra addımlar atacağını açıqlamışdı, lakin o zaman bu addımların nəyi ehtiva etdiyi məlum deyildi. Vaşinqton son aylarda İranın ticarət gəmilərini təqib etməsi və ələ keçirməsindən narahatdır.

 

Bu qərar İranla gərginliyin artması fonunda verilib. Yerləşdirmənin dəqiq yeri barədə məlumat verilməsə də, hərbi texnikanın bir hissəsinin artıq yolda olduğu bildirilib. Pentaqonun mətbuat katibinin müavini Sabrina Sinqin açıqlamasına görə, müdafiə naziri Hörmüz boğazında baş verən bir sıra narahatedici insidentlərə cavab olaraq "USS Thomas Hubner" təyyarədaşıyan gəmisini, F-16 və F-35 qırıcılarını ABŞ Mərkəzi Komandanlığının bölgəsinə yerləşdirməyi əmr edib. Hərbi texnika ABŞ-nın maraqlarını və regionda naviqasiya azadlığını qorumaq üçün Pentaqonun Mərkəzi Komandanlığının məsuliyyət zonasına gedəcək. Davamlı təhlükə fonunda tərəfdaşlarımız və müttəfiqlərimizlə koordinasiya şəraitində bizim mövcudluğumuzu, Boğaz və ətraf suları izləmək imkanlarımızı artıracaq.


Bundan əvvəl İranın dəniz qüvvələrinin Hörmüz boğazında iki neft tankerini ələ keçirməyə cəhd etməsi və Oman sahilləri yaxınlığında beynəlxalq sularda onlardan birinə atəş açması barədə məlumatlar yayılıb. ABŞ mayda İranın Fars körfəzində sabitliyi pozan hərəkətlərindən sonra Yaxın Şərqdəki qüvvələrini də gücləndirib. Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi o zaman deyib ki, Birləşmiş Ştatlar xarici və ya regional güclərin Hörmüz boğazı da daxil olmaqla Yaxın Şərq su yollarında naviqasiya azadlığını təhlükəyə atmasına icazə verməyəcək. O, əlavə edib ki, İranın ticarət gəmilərinə müdaxilə etmək, onları təqib etmək və ya onlara hücum etmək üçün heç bir əsası yoxdur. Daha öncə isə İran prezidenti İbrahim Rəisi demişdi ki, ABŞ ordusunun Yaxın Şərqdə olması regionda təhlükəsizliyi pozur. Rəisinin sözlərinə görə, amerikalılar region ölkələrinin maraqlarını deyil, öz maraqlarını düşünürlər. Siyasi şərhçi Oqtay Qasımovun fikrincə, bu bölgə ABŞ-nin ciddi marağı və təsir zonasındadır.

 

ABŞ ordusunun ən güclü hissəsinin mərkəzi komandanlığı bu ərazilərdə yerləşir. Və vaxtaşırı bu komandanlığın hərbi hissələrinə müəyyən əlavə qüvvələr göndərilir, yaxud rotasiya sistemində dəyişikliklər baş verir. “Əlbəttə ki, bölgədə müəyyən narahatlıqlar var, amma bu narahatlıqların hələlik hansısa böyük miqyaslı bir hərbi qarşıdurmaya çevrilməsi ilə bağlı gözlənti və ehtimal yoxdur”.


Hörmüz boğazı Fars körfəzini cənub-şərqdə Oman körfəzi və Hind okeanını birləşdirir. Boğazın sahillərinə İran, Birləşmiş Ərəb Əmirlikləri və Oman nəzarət edir. Dünyadakı mayeləşdirilmiş təbii qazın üçdə biri və ümumi dünya neft istehlakının demək olar ki, 25%-i boğazdan keçir. Boğazın dünya ticarəti üçün əhəmiyyətinə görə, naviqasiya azadlığına Pakistan, Kanada, Fransa, Almaniya, Böyük Britaniya və ABŞ-ın daxil olduğu Birgə İşçi Qrupu nəzarət edir.

Aysel

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər