ABŞ hərbi təyyarəsinin İrəvana enməsi diqqət çəkib- ŞƏRH
ABŞ Hərbi Hava Qüvvələrinə məxsus “C-130J-30 Super Herkules” hərbi-nəqliyyat təyyarəsinin İrəvana enməsi diqqət çəkib. Təyyarənin Almaniyadakı “Ramştayn” bazasından uçuş həyata keçirdiyi bildirilir. Onun hansı məqsədlə və nə daşıdığı isə maraq doğurur.
Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında politoloq Taleh Əliyev bildirib ki, son günlər ABŞ-nin Yaxın Şərq regionunda hərbi aktivliyini yenidən artırması, bölgəyə əlavə silah-sursat və hərbi texnikanın göndərilməsi fonunda Ermənistanda müşahidə olunan bəzi proseslər diqqət çəkir:
“Xüsusilə, Almaniyadan Ermənistana hərbi təyinatlı olduğu ehtimal edilən təyyarənin eniş etməsi regionda yeni geosiyasi ssenarilər barədə müxtəlif ehtimalların yaranmasına səbəb olub. Bu proseslər fonunda bəzi ekspertlər İran ətrafında mümkün yeni hərbi əməliyyat planlarının gündəmə gələ biləcəyini istisna etmirlər. Onların fikrincə, belə bir vəziyyətdə Ermənistan ərazisinin logistik və ya hərbi məqsədlərlə istifadəsi ehtimalı da müzakirə olunan variantlar sırasındadır. Mövzu ilə bağlı diqqətçəkən məqamlardan biri də bir neçə gün əvvəl ABŞ Prezidenti Donald Tramp vasitəsilə sosial şəbəkədə paylaşıldığı iddia olunan xəritə görüntüsüdür. Həmin xəritədə İranın müxtəlif istiqamətlərdən əhatəyə alındığı təsviri verilir və xüsusilə, şimal istiqamətində-Araz çayı sahilinə yaxın bölgədən İran ərazisinə yönələn ox işarəsi diqqət çəkir. Bəzi siyasi şərhçilər bu detalın təsadüfi olmadığını düşünür və mümkün hərbi ssenarilərdə İranın şimal sərhədlərinin də nəzərə alındığını bildirirlər. Bu isə Ermənistanın coğrafi mövqeyinə görə regiondakı strateji proseslərdə daha aktiv rol ala biləcəyi ehtimalını gündəmə gətirir. Bununla belə, qeyd etmək lazımdır ki, hazırda bu ehtimalları təsdiqləyən rəsmi açıqlama və ya konkret sübut yoxdur. Regionda baş verən hadisələr daha çox geosiyasi analizlər və təhlükəsizlik mülahizələri əsasında şərh olunur. Lakin ABŞ-İran münasibətlərində artan gərginlik, Yaxın Şərqdə hərbi aktivliyin yüksəlməsi və Cənubi Qafqazın strateji mövqeyi bu cür ehtimalların müzakirəsini aktuallaşdırır”.

Gövhər Mehyəddinova