00:00:00
Yazar
Admin User
29.09.2025 13:36 219 3 dəq oxuma
Siyasət

ABŞ hələ də Tehranın razılaşmasını gözləyir

ABŞ hələ də Tehranın razılaşmasını gözləyir

Onun sözlərinə görə, BMT-nin İrana qarşı sanksiyaları 28 sentyabrda bərpa olunub:

 

"ABŞ Prezidenti Donald Tramp diplomatiyanın hələ də açıq seçim olduğunu və razılaşmanın həm İran xalqı, həm də dünya üçün ən yaxşı nəticə olacağını bildirib. İranın bu məqsədlə gecikmədən birbaşa danışıqlara qoşulması vacibdir".


Bu mövzu haqqında politoloq Azad Məsiyev “İnformator.az”a bildirib ki,ABŞ başda olmaqla İran əleyhinə bir koalisiya formalaşdırılıb:


“Uzunmüddətli fəaliyyət nəticəsində bu koalisiya İranı həm iqtisadi, həm də siyasi baxımdan dünyadan təcrid edib və sanksiyalara məruz qoyub. Buna baxmayaraq, İran dövləti öz suverenliyini və ərazi bütövlüyünü qoruyub saxlamaqdadır.Amerikanın strateji xətti var. Kimin hakimiyyətdə olmasından asılı olmayaraq, bu strategiya qorunur. Strategiyanın əsas məqsədi İranda rejimi dəyişərək ABŞ-yə münasib bir hakimiyyət qurmaqdır. Uzun müddətdir bu siyasət həyata keçirilir: İranı sanksiyalarla zəiflətmək və ölkə daxilində iğtişaşlar yaratmaq planı icra olunur.


Lakin bu proqram uzun illərdir özünü doğrultmur. Buna görə də müxtəlif bəhanələrlə İranın daxilində hərbi əməliyyatlar aparmaq və onu zəiflətmək taktikasından istifadə edilir. Uranın zənginləşdirilməsi məsələsi də belə bəhanələrdən biridir. Sual yaranır: əgər uranın zənginləşdirilməsi yaxşıdırsa, İranda niyə olmaz? Pisdirsə, niyə ABŞ-də və digər ölkələrdə var? İran bu gün uranı zənginləşdirərək enerji təhlükəsizliyini təmin etmək üçün proqram həyata keçirmək istəyir. Amma ABŞ və onun ətrafında formalaşmış koalisiya bunu bəhanə edərək İrana təzyiq göstərir. Son vaxtlarda İranı “dialoq” adı altında yeni hədəflərə yönləndirmək cəhdləri də müşahidə olunur. Halbuki İran dəfələrlə dialoqa hazır olduğunu prezident səviyyəsində açıq şəkildə bəyan edib. Təəssüf ki, ABŞ və onun müttəfiqləri müxtəlif bəhanələrlə bu dialoqdan yayınır, əksinə, təzyiqləri gücləndirirlər.


ABŞ-nin indiki rəhbəri Donald Tramp özünü guya sülhpərəst və münaqişələri aradan qaldırmağa çalışan lider kimi təqdim edir. Əslində isə bu, sadəcə siyasi şoudur. İstər Ukrayna məsələsində, istər Yaxın Şərqdə, istərsə də Cənubi Qafqazda Trampın mövqeyi görüntüdən başqa bir şey deyil. Əgər o, Amerikanın strateji kursuna zidd addımlar atsa, hakimiyyəti uzunömürlü ola bilməz. Buna görə də yalnız taktiki gedişlərdə fərqli addımlar ataraq ABŞ-ni “sülhpərvər dövlət” kimi göstərməyə çalışır”.


Həmçinin qeyd edib ki,Lakin ABŞ İsrailin Fələstində apardığı soyqırım siyasətinə göz yumur və onu açıq şəkildə dəstəkləyir:


“Ukrayna münaqişəsində də guya sülh yolu axtarır, amma əslində müttəfiqləri vasitəsilə Ukraynanı qızışdıraraq münaqişəni uzatmaqda maraqlıdır. Trampın bəyanatları ziddiyyətlidir: bu gün dediyini sabah təkzib edir, məsuliyyətsiz çıxışlar edir. ABŞ-nin əsas məqsədi strategiyanı həyata keçirməkdir və bu məqsədlə müxtəlif taktiki gedişlər edir. Dünya ictimaiyyəti artıq Amerikanın aqressiyasını görür. Bayden dövründə də bu daha açıq şəkildə özünü göstərib: ABŞ müxtəlif bölgələrdə xaos yaradaraq öz maraqlarını təmin edib, amma nəticədə dövlət imicinə böyük zərbə vurub.

 

İndi Tramp taktikanı dəyişərək ABŞ-ni guya dünyada sülh və əmin-amanlıq siyasəti aparan ölkə kimi təqdim etməyə çalışır. Əslində bu da şoudur, beynəlxalq ictimaiyyəti aldatmaq cəhdidir. Təəssüf ki, bu siyasətin təsiri altında qalan sadəlövh siyasi xadimlər və ekspertlər də var.
Əslində isə dünya ictimaiyyəti bilməlidir ki, ABŞ birqütblü siyasət yürüdərək özünü dünyanın “jandarmı” kimi aparır. Kim Amerikanın mövqeyini dəstəkləyirsə, orada “demokratiya” və “insan haqları” var, kim müstəqil siyasət aparırsa, dərhal diktatura damğası vurulur və həmin ölkələrdə çevrilişlər təşkil olunur. İran da bu siyasətin qurbanıdır. O, öz suverenliyini qoruduğuna, milli maraqlardan çıxış etdiyinə görə ABŞ və onun müttəfiqlərinin təzyiqlərinə məruz qalır.


Bu gün ABŞ-nin İrana təklif etdiyi dialoqlar faydasızdır. Sadəcə görüntü naminə irəli sürülür. Əslində isə İranın apardığı siyasət dünya üçün təhlükəli deyil. Əksinə, ABŞ-nin siyasəti dünyada daha böyük təhlükə yaradır. Harada xaos, müharibə varsa – Ukraynadan tutmuş Yaxın Şərqə, Tayvana qədər – ABŞ-nin izi oradadır. ABŞ xaos yaradaraq öz siyasi məqsədlərini həyata keçirir və nəticədə bəşəriyyət Amerikanın aqressiyasına məruz qalır”.


Cavahir Əsgərbəyli

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər