ABŞ ilə münasibətləri nəzərdən keçirməyə hazırıq
Gürcüstan hakimiyyəti ABŞ ilə münasibətlərin açıq şəkildə nəzərdən keçirilməsinə hazırdır, bu barədə hakim Gürcü Arzusu - Demokratik Gürcüstan Partiyasının baş katibi Kaxa Kaladze deyib.
Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında politoloq Əli Mustafa bildirib ki, Kaxa Qaladzenin bu açıqlaması daha çox Tramp administrasiyasına verilən bir mesaj xarakteri daşıyır:
"Ümumiyyətlə, son vaxtlar həm Avropa İttifaqının, həm də ABŞ-nin Gürcüstan hökumətinə münasibəti müsbət deyil. Çünki Qərb bu hökuməti daha çox Rusiya yönlü bir hakimiyyət kimi qəbul edir. Xarici Agentlər haqqında Qanun qəbul edildikdən sonra isə vəziyyət daha da gərginləşdi. Bu qanun Qərb strukturlarının Gürcüstandakı vətəndaş cəmiyyətini və müxalifəti maliyyələşdirməsinin qarşısını aldı. Məhz buna görə də Qərb və Gürcüstan arasında münasibətlərdə ciddi soyuqluq yaranıb. Digər tərəfdən, Tramp hakimiyyətdə olduğu dövrdə ABŞ-nin bəzi beynəlxalq inkişaf proqramlarının fəaliyyətini dayandırıb. Bu təşkilatlar bir çox ölkələrdə, o cümlədən Gürcüstanda da müəyyən maliyyə dəstəyi göstərirdilər. Trampın həmin proqramları dayandırması Gürcüstanda da dolayı təsir göstərib. Elə buna görə də “Gürcü Arzusu” partiyası hesab edir ki, onların siyasəti Trampın siyasəti ilə müəyyən mənada üst-üstə düşür. Çünki həm Gürcü Arzusu, həm də Tramp xarici qüvvələrin ölkə daxilində ictimai-siyasi təsir imkanlarının məhdudlaşdırılmasının tərəfdarıdır. Beləliklə, Qaladzenin açıqlaması sanki bir mesajdır: “Biz sizin siyasətinizlə uyğunlaşa bilərik, əməkdaşlığa açığıq". Trampın bu mesaja necə reaksiya verəcəyi, təbii ki, zamanla məlum olacaq. Ümumilikdə, düşünürəm ki, Tramp bunu müəyyən dərəcədə müsbət qarşılayacaq. Amma ABŞ-nin Gürcüstanla gələcək siyasəti necə quracağı hələ tam dəqiqləşməyib, bu məsələ formalaşma mərhələsindədir. Gürcüstanın Rusiya ilə münasibətləri beynəlxalq arenada birmənalı qarşılanmır. Ona görə də Tramp administrasiyasının Gürcüstana münasibətdə Bayden administrasiyasından kəskin fərqli bir siyasət yürüdəcəyini də düşünmürəm".
Qəmər Kazımzadə
