00:00:00
Yazar
Admin User
07.11.2025 13:59 101 2 dəq oxuma
Siyasət

ABŞ İlham Əliyevin fəaliyyətini qiymətləndirib

ABŞ İlham Əliyevin fəaliyyətini qiymətləndirib

ABŞ Prezidentinin xüsusi elçisi Stiv Uitkoff Ermənistanla münaqişənin həlli istiqamətində Azərbaycan Prezidenti İlham Əliyevin səylərini və bölgədə sülhün bərqərar olunmasına verdiyi töhfəni yüksək qiymətləndirib.

 

Məsələ ilə bağlı politoloq Həşim Səhrablı "İnformator.az"a açıqlamasında bildirib ki, bu mövqe Cənubi Qafqazda yeni diplomatik mərhələnin başlanmasından daha çox, Vaşinqton razılaşmaları çərçivəsində əldə olunmuş ortaq bəyanatın, yəni sülh prosesinin bərpası və onun məntiqi sonluğa çatdırılması məqsədini güdür:

 

"ABŞ anlayır ki, burada güc tətbiq etməklə və ya öz maraqlarını diktə etməklə nəticə əldə etmək mümkün deyil. Əksinə, tərəflərin, Azərbaycan və Ermənistanın maraqlarını nəzərə alaraq onları ortaq məqsəd ətrafında birləşdirmək daha məqsədəuyğundur. Məhz buna görə də ABŞ hazırda hər iki tərəflə bərabər əsasda addımlar atmağı öz siyasətinə daha uyğun hesab edir. Cənubi Qafqazda Amerikanın fəallığının artması, təbii ki, regiondakı güc balansına da təsir göstərə bilər. Əgər ABŞ sülh müqaviləsinin imzalanmasının təşkilatçısına çevrilərsə, bu, onun regionda daha təsirli bir mövqeyə sahib olmasına şərait yarada bilər".

 

Ekspert həmçinin bunu da qeyd edib ki, buna qədər bir sıra ciddi məsələlər həllini tapmalıdır:

 

"İlk növbədə, Ermənistanda konstitusiya dəyişikliklərinin həyata keçirilməsi, anti-Azərbaycan və anti-Türk ritorikasına son qoyulması, radikal dini və siyasi qrupların təsirinin azaldılması vacibdir. ABŞ-nin bu istiqamətdə təsir imkanları hələlik Cənubi Qafqazda kifayət qədər güclü deyil. Ona görə də bu proses müəyyən zaman tələb edəcək. Ermənistan əvvəlcə daxili siyasi problemlərini həll etməli, sabitliyi təmin etməli və konstitusiya dəyişikliklərini reallaşdırmalıdır. Bütün bu məsələlər tamamlandıqdan sonra bölgədə yeni mərhələdən, sülh və əməkdaşlıq dövründən danışmaq mümkün olacaq. Bu da, təbii ki, Cənubi Qafqazda güc balansının dəyişməsinə yeni impuls verə bilər".

 

Güllər Gülhüseynova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər