00:00:00
Yazar
Güllər Gülhüseynova
08.04.2026 17:34 25 2 dəq oxuma
Siyasət

ABŞ-İran atəşkəsi Livana şamil edilmir- Netanyahu

ABŞ-İran atəşkəsi Livana şamil edilmir- Netanyahu

İsrailin Baş naziri Binyamin Netanyahu ABŞ və İran arasında müvəqqəti atəşkəs haqqında razılaşmanın Livana şamil edilmədiyini bildirib.

 

Məsələ ilə bağlı siyasi şərhçi Aydın Quliyev “İnformator.az”a açıqlamasında bildirib ki, İsrailin atəşkəs qərarına "seçim taktikası" ilə yanaşması bütün Yaxın Şərqdə sülhü təhlükə altında qoyur:

 

“Mövcud siyasət fonunda sülhün pozulması ehtimalı tam realdır. Əgər İsrail atəşkəs rejiminə istisnalarla yanaşarsa, bu, həm müvəqqəti atəşkəsin həyata keçməməsinə, həm də iki həftəlik müddətin qalıcı sülh prosesinə keçid etməməsinə səbəb olacaq. Ona görə də, hazırda ABŞ və İranın qəbul etdiyi atəşkəs qərarı bütün döyüş cəbhələrinə şamil edilməlidir. Əks halda, İsrailin Livanda hücumlarını davam etdirməsi atəşkəsin qorunmasını çətinləşdirəcək. Çünki bütün döyüş bölgələrində hərbi əməliyyatların dayandırılması İranın təqdim etdiyi 10 əsas şərtdən biridir. İranın təqdim etdiyi bu şərtlər Pakistan tərəfindən ABŞ-yə çatdırılıb və Vaşinqton tərəfindən razılıqla qarşılanıb. Belə olan halda, Pakistan həm ABŞ, həm də İsrailə təzyiq göstərən tərəf kimi çıxış edir. Əks təqdirdə, Pakistanın vasitəçi ölkə kimi nüfuzu zərbə ala bilər. Bu səbəbdən İsrailin Livanda atəşi dayandırmamasına çox ciddi reaksiyaların olacağı gözlənilir. Bu vəziyyətdə bölgədə mövqelərini gücləndirən İran, ABŞ qarşısında yeni tələblər qoya bilər. Əgər İsrail Livanda hücumları dayandırmasa, İranın Tramp administrasiyası qarşısında 48 saatlıq və ya 5 günlük vaxt müəyyən etməsi, hərbi əməliyyatlar bitməyəcəyi təqdirdə atəşkəsi pozacağını şərt kimi irəli sürməsi tamamilə realdır. İranın hazırkı şəraitdə öz müttəfiqləri olan Hizbullah, Həmas və Husiləri açıq məhv olmaq təhlükəsi ilə üz-üzə qoyması onun öz maraqları üçün təhlükəlidir. Tehran nəyin bahasına olursa-olsun bu qüvvələrin məhv edilməsinə razı olmayacaq. Bu səbəbdən İsrailin sona qədər öz sərt mövqeyində qalması mümkün görünmür, çünki ona qarşı təzyiqlər getdikcə artmaqdadır. Nəticə etibarilə, İsrailin Livanda atəşi dayandırmaması bütün Yaxın Şərqi yeni və daha dağıdıcı müharibə mərhələsinə sürükləyə bilər. Üstəlik, İran təkcə atəşkəs deyil, həm də İsrailin Livanda işğal etdiyi ərazilərdən tamamilə geri çəkilməsi tələbini də gündəmə gətirəcəkdir”.

 

Güllər Gülhüseynova

#Netanyahu #İsrail #İran #Livan #Hizbullah #siyasət #ABŞ
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər