00:00:00
Yazar
Zəhra Həsənova
06.05.2026 19:02 20 2 dəq oxuma
Siyasət

ABŞ-İran münasibətlərində gərginlik artır: Trampın birbaşa iştirakı riskləri və ümidləri artırır

ABŞ-İran münasibətlərində gərginlik artır: Trampın birbaşa iştirakı riskləri və ümidləri artırır

ABŞ prezidenti Donald Trampın Vaşinqton ilə İran arasında aparılan danışıqlarda birbaşa iştirak etdiyini açıqlaması regionda diqqət mərkəzinə çevrilib. Bu bəyanat, xüsusilə Yaxın Şərqdə artan gərginlik fonunda həm diplomatik həll imkanlarını, həm də mümkün eskalasiya risklərini yenidən gündəmə gətirir.

 

Mövzu ilə bağlı siyasi şərhçi Araz Xan "İnformator.az"a açıqlamasında bildirib ki, Trampın danışıqlarda şəxsən iştirakı iki fərqli istiqamətdə qiymətləndirilə bilər:

 

“Bu, əslində, həm yaxşı xəbərdir, həm də pis. Yaxşı tərəfi ondan ibarətdir ki, Donald Tramp danışıqları birbaşa özü aparmaqla daha tez nəticə əldə etməyə çalışa bilər. Bu isə münaqişənin sülh yolu ilə həll olunması ehtimalını artırır. Lakin digər tərəfdən, əgər razılıq əldə edilməzsə, Trampın daha sərt addımlar atmaq ehtimalı da yüksəlir ki, bu da regionda daha genişmiqyaslı müharibəyə səbəb ola bilər".

 

Ekspert qeyd edib ki, ABŞ-nin əsas tələbi İranın nüvə silahı proqramından tam imtina etməsidir. Bunun müqabilində Vaşinqtonun Tehrana qarşı tətbiq etdiyi dəniz blokadasını aradan qaldırmaq ehtimalı müzakirə olunur. Lakin İran tərəfi nüvə proqramının tam dayandırılması ilə razılaşmır və yalnız müəyyən müddət üçün fəaliyyətin dondurulmasını təklif edir.

 

Araz Xanın sözlərinə görə, tərəflər arasında kompromis əldə olunarsa, yaxın günlərdə razılaşmanın mümkünlüyü istisna edilmir:

 

“Düşünürəm ki, hər iki tərəf müəyyən güzəştlərə getsə, ortaq məxrəcə gəlmək mümkündür. Bu isə regionda gərginliyin azalmasına və daha sabit mühitin formalaşmasına gətirib çıxara bilər".

 

Yekun olaraq qeyd edək ki, ABŞ ilə İran arasında aparılan danışıqların taleyi yalnız iki ölkə üçün deyil, bütövlükdə regionun təhlükəsizliyi baxımından mühüm əhəmiyyət daşıyır. Diplomatik həllin tapılması sülh üçün yeni imkanlar açsa da, razılaşmanın baş tutmaması daha ciddi qarşıdurma risklərini də artırır.

 

Aişə Mustafayeva

#iştirakı #abş-i̇ran #azərbaycan #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər