“ABŞ İranı qısa müddətdə təslim edəcəyini düşünür” - ŞƏRH
"İranı Hörmüz boğazını açmağa məcbur etmək cəhdlərindən əl çəkməyə hazır deyiləm”, - deyə Donald Tramp bildirib.
Mövzu ilə bağlı siyasi şərhçi Tural İrfan “İnformator.az”a açıqlamasında bildirib ki, ABŞ Prezidentinin çox zaman reallığı əks etdirməyən pafoslu bəyanatları artıq dünyada qeyri-ciddi qəbul olunur:
“İran XİN-dən verilən açıqlamalar da Trampın sözlərinin etibar edilməyən ifadələr olduğunu göstərir. Yaxın Şərqdə İranın proksi qüvvələri hələ yerindədir. Hizbullah və Ənsarullah İsrailə qarşı hücumlarını davam etdirir. ABŞ və İsrail hələ istədiklərinə nail olmayıb. Belə vəziyyətdə Yaxın Şərqdə qüvvələr balansının mütəmadi dəyişdiyini görürük. Əgər Husilər və Hizbullah hələ də İsrailə zərbə endirmək iqtidarını saxlayırsa, İranda rejim süqut etməyibsə, ABŞ və İsrailin nailiyyət əldə etməsi sual altındadır. Savaşın mahiyyəti bir çox müsəlman ölkələrinin əleyhinə olduğu üçün ABŞ və İsrail siyasi dəstəyini itirməkdədir. Bir rejimi devirmək istəyən qüvvənin özü həmin rejimdən daha qəddar, antidemokratik və anti-humanist addımlar atırsa, beynəlxalq hüququ saymırsa, onun mütləq qələbəsi mümkün deyil. Qələbə üçün təkcə hərbi güc kifayət etmir: siyasi, iqtisadi və hüquqi üstünlük də əsas şərtdir. ABŞ müharibə başlamamış bəyan edir ki, bir neçə həftəyə savaşı bitirəcək. Amma bir aydan artıqdır müharibə davam edir və hələ bir neçə həftə də davam edəcəyi deyilir. ABŞ-nin davamlı olaraq sözdə qələbə elan etməsi məğlubiyyət qorxusundan qaynaqlanır. Çünki ABŞ İranı qısa müddətdə təslim edəcəyini düşünür. Lakin bir ay ərzində yalnız bir neçə siyasi lideri öldürməkdən başqa əhəmiyyətli nailiyyət əldə edilməyib. Hakimiyyəti dəyişə bilməyib, xalqı etiraza qaldıra bilməyib, İsrail ərazisini və körfəz ölkələrindəki bazalarını havadan normal müdafiə edə bilməyib. Hörmüz boğazında nəzarəti ələ keçirmək üçün quru qoşunları yeritmək isə böyük risk tələb edir. İsrailin bu savaşda ABŞ ilə birgə iştirakı İranın beynəlxalq aləmdə dəstəkçilərini artırır. Çünki İsrail beynəlxalq aləmdə etibarını, etimadını itirmiş və beynəlxalq hüququ tapdanmış dövlət kimi qəbul olunur. İran xalqı da İsrailin çağırışlarına görə ayaqlanmayıb, etirazçılar əksinə, sakitləşib. Fələstində uzun müddət davam edən zorakılıqları görən İran xalqı iki pis arasında seçim edərək öz hakimiyyətini seçməli olub. ABŞ-nin İsrail vasitəsilə regionu təhrik etməsi və müharibəyə cəlb etməsi bu bataqlıqdan çıxmasını çətinləşdirir”.
Həmçinin şərhçi qeyd edib ki, ABŞ lideri açıq bəyan edir ki, bu müharibənin xərcini ərəb ölkələri ödəməlidir:
“Lakin onların hava məkanını qəsdən qorumur ki, İran raketlərinə hədəf olmaqla bu ölkələr müharibəyə daxil olsun. Hətta İrandan sonra hədəfin Türkiyə olacağı da deyilir. ABŞ rəsmiləri İslama və müsəlmanlara qarşı açıq savaş apardıqlarını gizlətmir. İsrail, Fələstin əsilli məhbusların edamını qanuniləşdirib. Bütün bunlar göstərir ki, bu müharibə hələ təzə başlayıb. İranı yaralayıb qaça bilmək mümkün deyil, çünki düzgün hesablama aparmaq lazım idi. İsrailin təhriki və emosional qərarları ABŞ üçün fəlakət ola bilər. Müharibə artıq birtərəfli deyil, ikitərəfli gedir. Ona görə də müharibəni dayandırmaq tək tərəfli olmayacaq. İranın şərtləri də ağırdır. Əgər bu şərtlərdən əl çəksə, bu kapitulyasiyaya bərabər olacaq ki, Sepah bunu qəbul etməz. Sepahın hücum və müdafiə qabiliyyəti yerində olduğu müddətcə ABŞ ilə razılıq əldə olunmayacaq. Əgər sivil hakimiyyət Sepahsız razılıq əldə etsə, bunu dərhal pozacaqlar və atəşkəsə riayət etməyəcəklər. İranın yaratdığı terror dəstələri İşiddən daha betər ola bilər. ABŞ müharibənin sükanı əlinə ala bilməyəcək və yalnız bəyanatlar vasitəsilə öz mövqeyini göstərməyə çalışır. İranın hava sahəsinə nəzarət əldən çıxa bilər, amma orduya nəzarət yerindədir və xalqla hakimiyyət arasında dərin ziddiyyət yoxdur. Çin və Rusiya kəşfiyyatı da rejimə dəstək verir. Yalnız ordu generalları və siyasi liderlərin fiziki aradan götürülməsi ABŞ və İsrailə qarşı mənfi rəy yaradır və mülki insanların ölməsi xalqı daha da təsirləndirir. Rejimin propaqandası işləyir və ABŞ nəzərdə tutduğunun 20 faizinə belə nail ola bilməyəcək. ABŞ-nin yalnız İran rejiminə qarşı elan etdiyi bu savaşın İsrail tərəfindən bütün İslam aləminə yönəldilməsi, ABŞ-ni buna təhrik etməsi müharibənin məcrasını dəyişir. İsrail ABŞ-ni qlobal müharibəyə çəkir ki, bu, nəticələri ilə yalnız Yaxın Şərqdə deyil, bütün dünya üçün fəlakətə səbəb ola bilər”.
Aytac İbrahimova