Azərbaycan və Kamboca əməkdaşlığın genişləndirilməsini müzakirə edib
Azərbaycanın Baş naziri Əli Əsədov oktyabrın 14-də Kamboca Krallığının Baş naziri Hun Manet ilə görüşüb. Görüşdə iki ölkə arasında siyasi, iqtisadi və investisiya əlaqələrinin inkişafı, eləcə də energetika, nəqliyyat-logistika, minatəmizləmə, təhsil və turizm sahələrində əməkdaşlıq perspektivləri müzakirə olunub.
Mövzu ilə bağlı "İnformator.az"a açıqlama verən siyası şərhçi Aydın Quliyev bildirib ki, Azərbaycan və Kamboca arasında münasibətlərin inkişafı üçün mühüm imkanlar mövcuddur:
"İki ölkə Qoşulmama Hərəkatı, Cənub-Şərqi Asiya ölkələri ilə əməkdaşlıq platformaları və Asiya Parlamentləri Assambleyası çərçivəsində qarşılıqlı fəaliyyət göstərir. İkitərəfli əlaqələr 1990-cı illərdən qurulsa da, mövcud əməkdaşlıq potensialından tam istifadə edilməyib. Hazırkı görüşlər və yüksək səviyyəli təmaslar siyasi dialoqun güclənməsinə, qarşılıqlı etimadın artmasına və yeni əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsinə töhfə verə bilər. Xüsusilə Azərbaycanın Cənub-Şərqi Asiya ölkələri ilə əlaqələrini genişləndirməsi baxımından Kamboca əhəmiyyətli tərəfdaş ola bilər".
Ekspertin fikrincə, iki ölkə arasında ticarət-iqtisadi və investisiya əməkdaşlığının genişləndirilməsi üçün bir sıra perspektivli istiqamətlər var:
"Kambocanın neft məhsullarına olan tələbatı Azərbaycanın enerji resursları və neft sənayesi imkanları ilə uyğunluq təşkil edir. Bu, enerji məhsullarının ticarəti sahəsində əməkdaşlıq üçün əlverişli zəmin yarada bilər.
Eyni zamanda, Kambocanın aqrar potensialı Azərbaycan bazarı üçün maraq doğurur. Xüsusilə düyü və digər kənd təsərrüfatı məhsullarının idxalı ikitərəfli ticarətin genişlənməsinə şərait yarada bilər. Kambocanın turizm imkanları da əməkdaşlığın inkişafı üçün əlavə perspektivlər açır. İki ölkə arasında ticarət, investisiya və iqtisadi fəaliyyət sahələrini əhatə edən çərçivə əməkdaşlıq sənədi bu imkanların reallaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır".
Onun sözlərinə görə, Energetika, nəqliyyat-logistika, minatəmizləmə və turizm sahələrində əməkdaşlığın inkişafı hər iki ölkəyə iqtisadi və strateji üstünlüklər qazandıra bilər:
"Energetika sahəsində əməkdaşlıq Azərbaycanın neft məhsulları üçün yeni bazarlara çıxış imkanlarını genişləndirə, Kambocanın isə enerji tələbatının ödənilməsinə töhfə verə bilər. Nəqliyyat-logistika sahəsində əməkdaşlığın inkişafı iki ölkə arasında ticarət əlaqələrinin asanlaşdırılmasına və məhsulların bazarlara çıxarılmasına şərait yarada bilər.
Minatəmizləmə sahəsində Azərbaycan malik olduğu təcrübəni Kamboca ilə bölüşməklə bu istiqamətdə əməkdaşlıq imkanlarını genişləndirə bilər. Turizm sahəsində isə qarşılıqlı təcrübə mübadiləsi və turizm əlaqələrinin təşviqi hər iki ölkənin turizm potensialının tanıdılmasına xidmət edə bilər.
Ümumilikdə, bu istiqamətlər üzrə əməkdaşlığın gücləndirilməsi iqtisadi əlaqələrin şaxələndirilməsinə, yeni investisiya imkanlarının yaranmasına və iki ölkə arasında uzunmüddətli strateji tərəfdaşlığın möhkəmlənməsinə şərait yarada bilər".
Fatimə İbrahimova