ABŞ Livanda Hərbi Fəaliyyətin Azaldılmasını İstəyir
ABŞ Administrasiyası İsraildən Livandakı hərbi əməliyyatları azaltmağı tələb edib. Vaşinqtonun planına görə, təcili olmayan zərbələr dayandırılmalı, İsrail ordusu cənubdakı beş postdan mərhələli şəkildə çıxarılmalıdır. Əvəzində Livan ordusunun Hizbullaha qarşı təzyiqləri gücləndirəcəyi gözlənilir.
Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında politoloq Aytən Qurbanova bildirib ki, ABŞ Qəzzadakı hərbi əməliyyatların dayandırılması üçün təzyiq göstərir:
“Eyni zamanda Livandakı proseslərdə İsrailin aktivliyinin məhdudlaşdırılmasına çalışır. Bu isə göstərir ki, ABŞ Orta Şərqdə formalaşan yeni təhlükəsizlik arxitekturasında öz dominant rolunu təsbit etmək istəyir. Həmçinin, İsraildən qaynaqlanacaq təhdidləri nəzarət altına almağa cəhd edir. Biz İran-İsrail qarşıdurmasında, yəni davam edən 12 günlük müharibə dövründə də bunu aydın şəkildə müşahidə etdik ki, ABŞ İsrail üzərində kifayət qədər önəmli təsir mexanizmlərinə sahibdir. Livanda ola biləcək proseslərdə İsrailin hərbi əməliyyatlarının dayandırılması tələb olunur. Ordusunun cənubdakı beş postdan mərhələli şəkildə çıxarılması ilə bağlı təklif də səsləndirilir. Bu isə bir daha göstərir ki, Orta Şərqdə həm münaqişələrin, həm də qarşıdurmaların dondurulması istiqamətində Amerika kifayət qədər qətiyyətli mövqe nümayiş etdirir. Eyni zamanda, ABŞ bu məsələdə ardıcıl siyasət yürüdür”.
Aytən Qurbanovanın sözlərinə görə, Livan ordusunun Hizbullaha qarşı təzyiqlərin gücləndirilməsi razılığı icra etmək üçün müəyyən təhsil və təzyiq vasitələrindən istifadə olunacaq:
“Yaxın gələcəkdə təbii ki, bu, İranla olan gərginliyin azaldılması istiqamətində də təsirlərə malikdir. Çünki məlumdur ki, İsrailin həm Livanda, həm də Qəzzada eyni vaxtda hərbi əməliyyatları davam etdirməsi və onların intensiv xarakter alması İranın maraqlarına uyğun deyil. İran uzun illər proksi qüvvələri vasitəsilə təhlükəsizlik arxitekturasında öz mövqeyini möhkəmləndirməyə çalışıb. Eyni zamanda müxtəlif istiqamətlərdə İsrailə qarşı mübarizəni davam etdirib. Bu, onun Orta Şərq, yəni regional siyasətində əsas strategiyalarından biri olub.Bu gün İranla Amerika və ümumilikdə kollektiv Qərb arasında gərgin münasibətlər müşahidə olunur. Buna baxmayaraq, danışıqların davam etdirilməsi prioritet olaraq qalır. Eyni zamanda nüvə proqramı ilə bağlı razılığın əldə olunması Amerika başda olmaqla bir çox Qərb dövlətlərinin əsas hədəflərindən biridir. Buna görə də bəzi istiqamətlərdə müəyyən mənada güzəştlərin ediləcəyi ehtimal olunur”.
Nərgiz Əzizli