ABŞ NATO-da maliyyə yükünü azaltmaq istəyir?
Amerika Birləşmiş Ştatları NATO və Qərb müttəfiqlərinin siyasətini tənqid edib. Donald Tramp bildirib ki, alyans üzvləri müdafiə xərclərini artırmalı və ABŞ-nin üzərinə düşən maliyyə yükü azaldılmalıdır.
Mövzu ilə bağlı politoloq Ramiyə Məmmədova “İnformator.az”a açıqlamasında bildirib ki, Trampın NATO ilə bağlı sərt mövqeyi yeni deyil və bu məsələ uzun müddətdir ABŞ ilə alyans arasında müzakirə mövzusu olaraq qalır:
“Tramp hakimiyyətə gəldiyi dövrdən etibarən NATO ilə münasibətlərdə müəyyən gərginlik müşahidə olunur. O, dəfələrlə bildirib ki, ABŞ digər ölkələrin təhlükəsizliyini təmin etmək üçün həddindən artıq maliyyə xərcləyir. NATO büdcəsinin böyük hissəsi məhz ABŞ tərəfindən maliyyələşdirilir və Tramp hesab edir ki, Avropa ölkələri də müdafiə xərclərinə daha çox töhfə verməlidir. Bu baxımdan Vaşinqton NATO üzvlərindən müdafiə xərclərini artırmağı və maliyyə yükünün daha bərabər bölüşdürülməsini tələb edir. ABŞ hesab edir ki, təhlükəsizlik məsələsində bütün üzv ölkələr eyni məsuliyyəti bölüşməlidir. Son illərdə Avropa ölkələri də müdafiə xərclərini artırmağa başlayıb və bu proses müəyyən mənada ABŞ-nin tələbləri ilə bağlıdır. Avropa İttifaqı ölkələri son illərdə müdafiə sənayesinə ayrılan vəsaiti artırmağa başlayıb. Bu isə onu göstərir ki, Avropa ölkələri təhlükəsizlik məsələsində yalnız ABŞ-yə arxalanmağın risklərini anlamağa başlayıb. İkinci Dünya müharibəsindən sonra Avropa uzun müddət təhlükəsizlik baxımından ABŞ-nin təminatına güvənirdi və müdafiə xərclərinə nisbətən az vəsait ayırırdı. Lakin son dövrlərdə beynəlxalq münasibətlərdə baş verən dəyişikliklər Avropa dövlətlərini öz müdafiə imkanlarını gücləndirməyə məcbur edir”.
Ramiyə Məmmədovanın fikrincə, ABŞ-nin NATO ilə bağlı tənqidləri eyni zamanda Vaşinqtonun daxili iqtisadi və siyasi maraqları ilə də əlaqəlidir:
“ABŞ son illərdə bir sıra beynəlxalq münaqişələrdə iştirak edib və bu proseslər ölkə büdcəsinə ciddi təsir göstərib. Müxtəlif regionlarda aparılan hərbi əməliyyatlar və təhlükəsizlik xərcləri ABŞ üçün böyük maliyyə yükü yaradır. Bu səbəbdən Vaşinqton NATO çərçivəsində xərclərin daha ədalətli bölüşdürülməsini tələb edir və Avropa ölkələrinin müdafiə xərclərini artırmasını istəyir. Bütün bu müzakirələrə baxmayaraq, ABŞ-nin NATOdan tamamilə çıxması yaxın perspektivdə real görünmür. NATO dünyanın ən güclü hərbi-siyasi alyanslarından biridir və ABŞ bu təşkilatın əsas dayağı sayılır. Ona görə də bu mövzunun daha çox siyasi təzyiq və danışıqlarda üstünlük qazanmaq üçün istifadə olunan bir vasitə olduğunu düşünmək olar”.
Ayşə Müzəfərli